COP29

Rəşad Sadıqov sərt ittihamı nədən irəli sürdü?

30 Aprel 17:20 Zirə 840
Rəşad Sadıqov sərt ittihamı nədən irəli sürdü?

Azərbaycan hakimliyindəki problemlər yeni deyil və uzun illərdir davam etməkdədir.

Təəssüf ki, davamlı səhvlər hətta VAR gələndən sonra da düzəlməyib.

Əksinə, bəzən elə VAR hakimlərinin özləri kobud səhvlər edirlər. Komandaların təmiz qolunun qeydə alınmaması, yaxud verilən və ya verilməyən penalti qərarları və sair...

Bunlar təsadüfdürmü?

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bir qayda olaraq hakimlərin qərəzli olması fikrini təkzib edir. Əlbəttə, onun bu mövqeyi gözləniləndir. Hər halda komitə sədri öz bostanına daş atası deyil.

Amma o da vurğulanmalıdır ki, çempionat finiş xəttinə yaxınlaşır, Avropa kubokları uğruda yarışan komandalar arasında intriqa daha da güclənir. Belə məqamda hakim səhvlərinin çoxalması bəzi proseslərə hətta Barış Şimşəkin özünün də müdaxilə etmək gücündə olmadığını göstərir. Bu mənada, "Zirə"nin baş məşqçinin Rəşad Sadıqovun dünən "Araz Naxçıvan"la oyundan sonra verdiyi açıqlama diqqət çəkməyə bilməz.

Həmin matçda "Zirə" 0:1 hesabı ilə uduzub, oyunda Sadıqovun komandasının bir qolu VAR-ın qərarı ilə ləğv olunub. Lakin hakimin bu qərarı mübahisəyə açıqdır.

Sadıqov əvvəllər də hakimliklə bağlı dəfələrlə narazılığını ifadə edib. Lakin bu dəfə o, artıq bəzi klubların hələ də hakimlərlə bağlantılarının qaldığını, bu mövsümdə də o münasibətlərin davam etdiyini söyləyib (ətraflı yazının sonundakı videoda).

Rəşad Sadıqov Azərbaycan futbolunda ən məlumatlı şəxslərdən biridir. O, pərdəarxası proseslərdən yetərincə məlumatlıdır. "Mənim futbolda 30 illik təcrübəm var" deyən Sadıqovun söylədiklərindən bu nəticəyə gəlmək olar ki, müəyyən klublar, yaxud onların arxasında duranlar bəzi hakimləri təsir və təzyiq altında saxlayır. Hər halda, belə məsələlər Azərbaycan futbolu üçün yeni deyil.

Bəs, Sadıqov "bəzi klubların hakimlərlə əlaqələri var" deyərkən kimləri, hansı klubları nəzərdə tutur? Düzdür, o, bunu deyərkən ad açıqlamır. Amma bugünə qədər hakimliklə bağlı digər mütəxəssislər tərəfindən verilən açıqlamalar ip ucununun AFFA-nın köhnə rəhbərliyinə (hansı ki, onların federasiyada adamları hələ də qalmaqdadır) gedib çıxdığını göstərir. Bu yerdə Sadıqovun başqa bir fikri də diqqət çəkir. O, bu səhvlərin ciddi və qərəzli olduğunu deyir və əminliklə də bildirir ki, problemlər yeni mövsümdə aradan qalxacaq.

Doğrudanmı qalxacaqmı?

Hər halda futbol ictimaiyyəti AFFA-nın yeni rəhbərliyindən tezliklə həm də hakimliklə bağlı problemlərin aradan qaldırılması istiqamətində təsirli qərarlar gözləyir (qol.az).

Elnur,

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...