“Şəfa”nın kapitanı Murad Musayev Misli Premyer Liqasının 5-ci turunda “Sabah”a məğlub olduqları oyundan (0:3) sonra fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb:
“Bilirdik ki, ‘Sabah’ Çempionlar Liqasında çıxış edən komandadır. Onlara qarşı oynamaq bizim üçün çətin idi. Amma bəzi epizodlarda istədiklərimizi edə bildik. İndi isə növbəti oyuna hazırlaşırıq.
“Sabah çox usta komandadır. Heyətində təcrübəli və keyfiyyətli futbolçular var.
Düşünürəm ki, yeni qurulmuş komanda üçün bu məğlubiyyət faciə deyil. Əsas odur ki, öz səhvlərimiz üzərində işləyək və onları aradan qaldıraq".
Növbəti turda “Qarabağ”la keçiriləcək oyun barədə danışan müdafiəçi qeyd edib:
“Bir usta komandadan sonra digərinə qarşı oynayacağıq. "Qarabağ"ın səviyyəsi bəllidir. Bizi ağır və çətin oyun gözləyir. Çalışacağıq ki, yaxşı müqavimət göstərək".
M.Musayev 5 oyuna cəmi 2 qol vurmaları ilə bağlı isə bunları deyib: “Bəli, bu artıq bizim üçün problemə çevrilib.
Qol vurmaqda çətinlik çəkirik. Məşqlərdə bunun üzərində işləyirik və ümid edirik ki, gələcək oyunlarda bu problemi aradan qaldıracağıq”.
Komandanın çempionatda autsayder kimi görünüb-görünmədiyi ilə bağlı suala Musayev belə cavab verib: “Yox, düşünmürəm ki, autsayderik.
Yeni komandayıq, amma özümüzə inanırıq. Düşünürəm ki, qarşıdakı oyunlarda xallar toplayıb daha yaxşı yerlərə yüksələ bilərik. Komandanın buna potensialı var".
