Gəlin, bəribaşdan etiraf edək ki, «Zirə»nin çempionluq yarışında dirənişini heç birimiz gözləmirdik.
Bu, hamımızı təəccübləndirdi.
Düzünü deyək də, düşünürdük ki, «Qarabağ»a yalnız «Sabah» və «Neftçi» yol yoldaşı olacaq, «Zirə» ən yaxşı halda dördüncü yer uğrunda mübarizə aparacaq.
Tənqidçilər nə deyir desin, Rəşad Sadıqov öz işindədir. Doğru bildiyi metod nədirsə, onun üzərindən hərəkət edir.
Ağasəlim Mircavadovun sözü olmasın, məsələ budur.
Komanda ljderlk «qoltuğ»undən bərk-bərk yapışıbsa, Rəşad Sadıqova haqsızlıq etmiş oluruq - «niyə baxımlı futbol oynatmırsan» sualını ona verməklə.
Uzağa getməyək, «Qəbələ» gözəgəlimli oyun nümayiş etdirir, di gəl, nəticəsi yoxdur, turnir cədvəlinin «zirzəmi»sindədir, I Liqaya düşməyə namizəddir.
«Zirə» də o cür futbol sərgiləyib aşağılarda getsəydi, vallah, Rəşad Sadıqovu onda qınayanlar daha çox olacaqdı ki, bəs nəticə hanı?
Məncə, o, kənardan deyilənlərə əhəmiyyət verməməklə düz edir. Belə yaxşıdır.
Öz iş-gücü ilə məşğuldur, komanda da nəticəsini qazanır, qurtardı getdi də…
«Sabah»la qarşılaşmada 1 qol vuruldu, o da həlledici oldu. Rüstəm Əhmədzadə ondan gözləntiləri tədricən qarşılamağa başlayıb.
Ukraynadakı müharibə səbəbindən 1 ildir nə göydə, nə də yerdə olan, özünü heç yerdə tapmayan hücumçunun «ayağının açılması» sevindirici haldır.
Nyə də yox, millimizin hücumçusudur və ona ümidlər böyükdür. Artıra-artıra, qol vura-vura getsə, bu, Rüstəmi qazanmaq və qazandırmaq demək olacaq.
MUSA