Ata balasına etməzdi, Rəşad Sadıqov onun üçün etdi

30 Yanvar 2023 19:40 Zirə 1 374
Ata balasına etməzdi, Rəşad Sadıqov onun üçün etdi

Vild-Donald Gerye Azərbaycana dördüncü dəfə ayaq basdı.

Karyerasının ən yaxşı dönəmində “Qarabağ”ın sol cinahının ağasına çevrilən haitili, komandasına böyük fayda verməsinə baxmayaraq, pul tamahkarlığına görə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyi klubdan ayrılıb sonradan əlacsızlıqdan “Neftçi”ylə anlaşmışdı.

Ağ-qara formada istədiyini ala bilməyəndən sonra yenidən “Qarabağ”a qayıtmış və yenə çox duruş gətirməmişdi.

Azərbaycan futbolu ilə yaxından maraqlananlar Geryeni futbolçu keyfiyyətlərindən çox intizamsızlığı ilə xatırlayır. Qurban Qurbanov kimi səbrli və uzaqgörən adam onu düz yola gətirə bilməmişdi.

Sosial şəbəkədəki paylaşımları, tətildən gec qayıtması, hər dəfə pul davası etməsi və sair kimi buna bənzər əməlləri “solaxay”ın Azərbaycan karyerasına ciddi zərbə vurmuşdu.

Donald son bir ildə yerli və xarici mətbuata verdiyi açıqlamalarda Azərbaycana qayıtmaq üçün hər vasitəyə əl atırdı.

Ən böyük etirafı vaxtında Qurban Qurbanova qulaq asmaması və bununla da öz əməlləri ilə karyerasına vurduğu zərbəni etiraf etməsiydi. Karyerasının 3 ilini keçirdiyi ölkəyə dönmək üçün hər şey etdi və istəyinə çatdı.

Rəşad Sadıqov böyük riskin altına girib rəhbərlik qarşısında zamin öhdəliyi götürməklə Geryeni “Zirə”yə qaytardı.

Bizdə məsəl var, ata balasına etmədiyini filankəs etdi. Geryenin “Qarabağ”la “Neftçi”də etdiklərindən sonra çətin onu yaxından tanıyan hansısa azərbaycanlı komandasına götürərdi. Sadıqov risk edib çiyinlərini yükün altına qoydu.

Bundan sonra isə həm futbolçunun özündən, həm də baş məşqçidən asılıdır.

Karyerasının son illərini xoş notda başa vurub, sonuncu dəfə ötən ilin martında dəvət aldığı Haiti millisinə yenidən dəvət almaq istəyirsə, diqqətini topa və meydana yönəltməlidir. Başqa çıxış yolu yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!