Rəşad Sadıqov bu dəfə “Qarabağ”a görə susdu, amma bir də olsa…

15:00 Zirə 106
Rəşad Sadıqov bu dəfə “Qarabağ”a görə susdu, amma bir də olsa…

Bu ilin yayı «Zirə»ni dəyişib.

Rəşad Sadıqov özünə tənbəllik verməyib, düşərgəyə yaxşı-yaxşı bir süpürgə çəkib.

Yararlı olmayanları, dedi-qodu salanları, «mız-mızı»lıq edənləri gözünün qabağından uzaqlaşdırıb.

Artıq komandada bir «parazit» belə, qalmayıb. Aparılan islahatlar öz təsirini nəticələrdə göstərməkdədir.

Beş turdan sonra aktivində dörd qələbə olan «Zirə»nin turnir cədvəlinin liderlər qrupunda qərarlaşması Rəşad Sadıqovun ötənilki proseslərdən yetərincə dərs çıxarmasına, düzgün strategiya müəyyənləşdirməsinə şübhə yeri qoymur.

«Qarabağ»la qarşılaşma «Zirə»nin keçən mövsümə nəzərən bir xeyli gücləndiyini təsdiqlədi. Hakimlər briqadası oyunun içinə «gül» qoymasaydı, qalib də gələ bilərdilər.

Bense Varkonyinin İssa Cibriliya qarşı kobud hərəkətinə bir qırmızı vərəqə göstərmək az olardı, baş hakim Rəşad Əhmədov «sarı» ilə kifayətləndi.

VAR hakimi Rəvan Həmzəzapdə isə deyəsən, həmin dəqiqələrdə isti otaqda yatmışdı, ya onu oyada bilmədilər, ya da özü oyanmaq istəmədi.

Bu kimi halları «Zirə» həmişə yaşayıb və anlaşılan odur ki, yenə yaşayacaq. Rəqib «Qarabağ» olmasaydı, Rəşad Sadıqov mətbuat konfransında hadisənin üzərinə gedərdi.

«Qarabağ» rəhbərliyi və Qurban Qurbanovla dostluq münasibətlərinə görə səsini çıxarmadı, sükuta daldı.

Gələn dəfə bir də belə hadisə qeydə alınsa, yəqin ki, o, daha susmayacaq, söz qılıncını qınından çıxaracaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti