Sadıqov Bakıda vəd verdi, Təl-Əvivdə əməl etdi

31 İyul 2022 19:00 Zirə 760
Sadıqov Bakıda vəd verdi, Təl-Əvivdə əməl etdi

“Hesab böyükdür. Amma səfərə gedəndə əlimizi yana salmayacağıq”.

Bu fikirləri “Makkabi” (Təl-əviv) ilə Bakıdakı matçdan sonra “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov dilə gətirmişdi.

İlk başdan onun fikirləri heç də ciddi qəbul olunmamış və hətta sosial şəbəkələrdə ironiya ilə qaşılanmışdı.

Hər halda fanatları da qınamaq olmaz. Əksəriyyət kimi onlar da evdəki darmadağından sonra (0-3) səfərdə normal futbol, normal nəticə gözləməyi məntiqsiz görürdülər.

Hətta daha iri hesablı darmadağının İsraildə reallaşacağın proqnozlaşdıranlar az deyildi.

Amma zaman göstərdi ki, Sadıqovun sözləri boğazdan yuxarı deyilmiş.

İlk matçda rəqibini daha yaxından tanıyan gənc mütəxəssis arxada qalan bir həftədə komandasını səfər görüşünə çox yaxşı hazırlaya bilmişdi. Futbolçular avrokubok həyəcanın, güclü rəqibin adından irəli gələn təzyiqi üzərlərindən ata bilmişdilər.

Təbii ki, evdəki matçdan sonrakı iddialı açıqlama səfərdə mərhələ keçməyə yox, layiqli mübarizəyə işarə idi. Bu, yaxşı mübarizə fonunda minimal hesablı məğlubiyyət də ola bilərdi.

“Zirə”li futbolçular baş məşqçinin ümidlərini doğrultmağı bacardı. 90 dəqiqə rəqibindən çəkinməyən komandamız, ağıllı müdafiə olunmaqla, hətta bir neçə dəfə qələbə qoluna da yaxın oldu.

Bərabərə başa çatan (0-0) matçda Mehdi Cənnətovun rolu xüsusi oldu. O, ən azı 2 epiozdda komandasını real qoldan xilas etməyi bacardı.

Düzdü, bu heç-heçə bu gün təmsilçimizə böyük nəsə vermədi. Amma gələcək mənasında Sadıqovun özü də dəfələrlə dediyi kimi, komandamızın böyüməsi yolunda əvəzsiz rol oynamış olacaq. Gələcək demişkən, gələcəyimiz saydığımız Ramin Əhmədov və Cəlal Hüseynov kimi gənclərin ağır səfərdə növbəti dəfə şans qazanmaları da Sadıqovun aktivinə yazılmalı xüsusi detaldı.

Əgər Sadıqov bu komanda ilə uzun müddət davam edəcəksə, bir qədər qabağa gedərək deyə bilərəm ki, bu bərabərliklə Avropada stabil uğur qazanacaq növbəti komandanın təməlinin töküldüyünü deyə bilərik.

Təbii ki, ölkə reytinqinə gələcək xal, klubun büdcəsinə gələcək kiçik məbləğ də öz yerində.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti