Gənc futbolçuya sahib çıxmağın Rəşad Sadıqov NÜMUNƏSİ

1 Dekabr 2021 15:00 Zirə 1 111
Gənc futbolçuya sahib çıxmağın Rəşad Sadıqov NÜMUNƏSİ

"Zirə" Premyer Liqanın 12-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı oldu.

Bakı təmsilçisinin 3:0 qələbə qazandığı qarşılaşmanın ikinci yarısı komandanın gənc mərkəz müdafiəçisi Cəlal Hüseynovun ciddi səhvləri ilə yadda qaldı.

Hesabın 2-0 olduğu dəqiqələr 18 yaşlı gənc ardıcıl minimum 4 səhv etdi. Baş məşqçi Rəşad Sadıqov mümkün qədər "düzələr" deyib, səbrlə işin axarını izləyirdi.

Sonuncu belə səhvdən sonra "kimyaçılar"ın hücumçusu Əli Qurbani az qala hesab arasındakı fərqi azaldacaqdı.

Mehdi Cənnətovun kritik müdaxiləsi qola mane oldu. Məhz bu epizoddan sonra Sadıqov daha da risk etməyərək, 71-ci dəqiqədə Hüseynovu əvəzləmək məcburiyyətində qaldı.

Bəndəniz mətbuat konfransında Sadıqova "Ardıcıl səhvlərdən sonra gənc Cəlal Hüseynovu əvəzləməyinizin qarşıdakı matçlarda ona psixoloji olaraq mənfi təsir edəcəyindən narahat deyilsinizmi" sualını ünvanladım.

Sadıqovun cavabı yaxşı mənada məni şok etdi. Ağlıma gəlməyəcək, düşünülmüş möhtəşəm cavab onun nə qədər böyük olduğunu bir daha göstərmiş oldu.

Sitat: "Cəlalda yorğunçuluq var. Son 2 aya yaxın müddətdir dəyişilmədən oynayır. İlk başda onu yenə dəyişmək istəmirdim. Amma Cəlalı qorumaq üçün bu addımı atdım.

Daha ciddi səhvlərə yol versəydi, bu, onun üçün daha ağır psixoloji təsir edə bilərdi. Cəlalın 22-23 yaşı olsaydı əvəzləməzdim. Məhz 18 yaşında kobud səhvindən vurulacaq qolla sarsılmasını istəmədim".

Bir gənc futbolçuya bundan yaxşı dəstək? Əminəm ki, baş məşqçisinin belə açıqlamasını oxuyacaq Cəlal, növbəti məşqlərdə, oyunlarda meydanda olan-olmaya bütün varlığını qoyacaq.

Məhz gənclərimizin yetişməsi üçün belə dəstəyə ehtiyacları var. Vurmaq, baltalamaq kiməsə nə xeyir gətirib, nə də inkişaf.

Gənc futbolçularla işləmək həvəsi aşıb-daşan Rəşad Sadıqova isə sadəcə alqış düşür. Ki, məhz gələcəyimiz olacaq gənclərə belə sahib çıxır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!