Bojoviçlə Abbasovu çaşdıran adamın gülməli qərarı

28 Fevral 22:20 Turan 917
Bojoviçlə Abbasovu çaşdıran adamın gülməli qərarı

“Turan Tovuz” – “Neftçi” matçında hakim final fitini səsləndirən kimi ara qızışdı, məzhəb itdi.

Meydanı 1 xalla tərk edən qonaqların başına nə iş gəldisə, meydanın kənarında - dəhlizə gedən yolda səs-küy qopdu.

Öncə “Neftçi”nin futbolçuları tribunada kiminsə ünvanına söyüş yağdırdı, daha sonra tovuzlu oyunçular qonaqlarla nəyisə mübahisə etdi, yekunda Ayxan Abbasovla Miodraq Bojoviçin mübahisəyə bənzər söhbəti hər ikisinə baha başa gəldi.

Sonradan məlum oldu ki, qarşıdurmağa tribunadan Qara Qarayevin başına plastik su qabının atılması səbəb olub.

Tural Qurbanov həmin epizodun nəticəsi kimi yalnız baş məşqçiləri sarı vərəqə ilə cəzalandırdı.

Niyə? Hansı səbəbdən?

Həmin an müəyyənləşdirə bilmədik. Gənc referi vərəqənin motivini “oyundan sonra qeyri-idman hərəkəti” kimi göstərib.

Məsələnin məğzini öyrənmək üçün yaxınlaşdığım Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında qərarın özü üçün də şübhəli qaldığını gizlətmədi:

“Bojoviçlə aramda heç nə olmamışdı. Çox tərbiyəli, mədəni insandır. Açığı, xarakteri ilə məni yaxşı mənada təəccübləndirdi.

Həmin an hər ikimiz futbolçuları sakitləşdirməyə çalışırdıq və bu yöndə söhbət edirdik.

Hakim sarı vərəqə göstərəndə ikimiz də çaşıb qaldıq və hər ikimiz bunu gülüşlə qarşıladıq. Çünki orada sarı vərəqəlik heç nə yox idi”.

Fevralın 24-də 24-cü tur çərçivəsində baş tutan “Turan Tovuz” – “Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti