I Liqada mübarizə aparan “Xankəndi”də baş məşqçi dəyişikliyi baş verib.
Zaur Hacıyevlə yollarını ayıran Qarabağ təmsilçisi bu posta Röyal Nəcəfovu gətirib.
Dəyişiklik təsadüfi olmayıb. Çempionatın ilk 3 turunda 1 heç-heçə və 2 məğlubiyyət alan “Xankəndi”nin cəmi 1 xal toplaması rəhbərliyin ürəyincə olmayıb. Nəticədə komanda Röyal Nəcəfova tapşırılıb.
Yeni baş məşqçi Sportinfo.az-a açıqlamasında təyinatından, komandanın mövcud vəziyyətindən və qarşıya qoyulan hədəflərdən danışıb.
“Keyfiyyətli futbolçulardan ibarət heyətimiz var. Sadəcə, komanda çempionata yaxşı başlamayıb – 3 oyundan 1 xal.
Çalışacağıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Əsas hədəfimiz, təbii ki, liqada qalmaqdır.
Əvvəlcə komandanı toparlayıb vəziyyəti düzəltmək, daha sonra isə liqada qalmağı rahat şəkildə təmin etmək istəyirik.
Bundan sonra da hədəflər bitmir. Çalışacağıq ki, daha yuxarı pillələrə can ataq. Bu mövsüm rəhbərliklə görüşümüzdə əsasən bu hədəflər üzərində dayanmışıq.
Gələcəkdə, növbəti mövsümlərdə Premyer Liqaya yüksəlmək yolunda mübarizə aparmağa çalışacağıq”.
HƏBİB
