“Neftçi”nin stadionunda ÇL havası – Çempionluq sınağı

20:00 Neftçi 244
“Neftçi”nin stadionunda ÇL havası – Çempionluq sınağı

Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış üç həftəlik fasilə başa çatdı.

Həftəsonu 7-ci turun qarşılaşmaları keçiriləcək ki, turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. Çempionluğun əsas iddiaçılarından olan iki komanda – “Neftçi” və “Sabah” üz-üzə gələcək.

6 turdan sonra hər iki kollektivin aktivində 15 xal var. “Sabah”ın bir oyununun ehtiyatda qalması isə hazırkı vəziyyətə əlavə maraq qatır. Buna baxmayaraq, bu qarşılaşmanın nəticəsi turnir cədvəlinin zirvəsində ciddi dəyişikliklərə səbəb ola bilər.

“Neftçi” qalib gələcəyi təqdirdə şərikli liderlikdən qurtulacaq və ilk pillədəki yerini bərkidəcək.

Məhz bu amil oyunun əhəmiyyətini daha da artırır. Söhbət sadəcə 3 xaldan getmir. Hər iki komanda çempionluq yarışında mövqeyini möhkəmləndirmək istəyir.

Məlum məsələdir, “Sabah” ötən mövsüm qazandığı çempionluq titulunu qorumaq niyyətindədir. “Neftçi” isə 90 illik yubileyini əlamətdar hadisə ilə başa vurmaq, uzun müddətdir gözlədiyi çempionluğa qovuşmaq arzusundadır.

“Ağ-qaralar” sonuncu dəfə 2020/21 mövsümündə ölkə çempionu olub. Deməli, qarşıdakı görüş həm də “Neftçi”nin illərdir davam edən çempionluq həsrətini yekunlaşdırmaq üçün yaxşı fürsətlərdən biridir.

Tərəflərin son qarşılaşmaları da maraqlı mənzərə yaradır. “Neftçi” uzun müddət bu rəqibi üzərində qələbəyə həsrət qalmışdı. Lakin ötən mövsümün 32-ci turunda “ağ-qaralar” bu sindromu qırmağı bacardı. Həmin qələbə bir daha göstərdi ki, “Sabah” məğlubedilməz komanda deyil. Bunun üçün rəqibə qarşı düzgün taktika seçmək, mübarizə aparmaq və qələbəni qədər istəmək lazımdır.

İndiki vəziyyət bir qədər fərqlidir.

“Sabah”ı oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” (Praqa) ilə çətin və vacib qarşılaşma gözləyir. Bu səbəbdən “Neftçi” ilə oyun Valdas Dambrauskasın komandası üçün Avropa görüşü ərəfəsində ciddi sınaq olacaq. Litvalı məşqçinin heyət seçimi, futbolçuların fiziki durumu və qarşılaşmaya psixoloji hazırlığı xüsusi əhəmiyyət daşıyacaq.

Digər tərəfdən, “Sabah” üçün “Neftçi” ilə oyun həm də Çempionlar Liqası qarşılaşmasından əvvəl özünəinam baxımından vacibdir. Paytaxt derbisində qazanılacaq 3 xal “Slaviya” ilə görüş öncəsi komandanın əhval-ruhiyyəsini yüksəldə bilər. Məğlubiyyət isə əksinə, müəyyən suallar yarada bilər.

“Ağ-qaralar”da vəziyyət daha nikbindir. Son oyunlardakı nəticələr kollektivə özünəinam qazandırıb və komandanın daxilində ab-havanın yüksək olduğu görünür. Heyətdəki əsas narahatlıq Breno Almeydanın zədəsi ilə bağlı idi. Braziliyalı futbolçu artıq komanda ilə məşqlərə qoşulub. Onun “Sabah”la dueldə meydana çıxacağı gözlənilir.

Bu isə Yuri Vernidubun sərəncamında əsas heyət baxımından ciddi problem olmadığını göstərir. Ukraynalı mütəxəssisin qarşısında artıq bəhanə üçün səbəb yoxdur. “Neftçi” çempionluğa oynayan komanda olduğunu belə qarşılaşmalarda göstərməlidir.

Təbii ki, oyunun taleyində baş məşqçilərin taktiki savaşı da mühüm rol oynayacaq. MDB ölkələrinin nümayəndələri - Yuri Vernidubla Valdas Dambrauskasın qarşıdurması meydandakı mübarizənin ən maraqlı tərəflərindən biri olacaq. Hər iki mütəxəssis rəqibin zəif tərəflərini tapmağa və öz komandasının üstünlüklərindən maksimum istifadə etməyə çalışacaq.

“Neftçi” üçün əsas məqsəd bəllidir. “Sabah”ı məğlub edərək 7 turdan sonra turnir cədvəlində vahid liderə çevrilmək. “Tələbələr” isə bir oyununun ehtiyatda qalmasına arxayınlaşmadan, çempion titulunu qorumaq üçün belə vacib matçlarda da iddiasını ortaya qoymalıdır.

Bir sözlə, bu oyun mövsümün əvvəlində çempionluq yarışının istiqamətini müəyyənləşdirəcək duellərdən biridir. Tərəflərdən biri zirvədə tək qalmaq, digəri isə həmin zirvədəki mövqeyini qorumaq istəyir.

Oktyabrın 9-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşündə söhbət yalnız 3 xaldan getməyəcək. Bu, həm də iddianın, xarakterin və çempionluq hədəfinin sınağı olacaq.

Odur ki, bu oyunun Çempionlar Liqasının ab-havasında keçəcəyi, Avropa qarşılaşması qədər səs-küy doğuracağı şübhə doğurmur.

Qarşılaşma saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti