“Nəinki pul vermişik, heç onun söhbəti də getməyib“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un İdarə Heyətinin üzvü Nəsimi Paşayev deyib.
Məlum olduğu kimi, tanınmış türkiyəli jurnalist Emre Bol “Fənərbaxça”nın “Turan Tovuz”la yoldaşlıq görüşü üçün pul aldığını bildirib. O, İstanbul klubunun hazırda buna ehtiyacı olduğunu söyləyib.
“Əvvəlcə, onlara əsəbiləşdim. Dedim ki, Azərbaycanda sizin yoldaşlıq matçında nə işiniz var. Türkiyədə komanda yoxdur?
Amma öyrəndim ki, bunun üçün pul alıblar. Ona görə də bir şey demirəm. “Fənərbaxça”nın hazırda hər halda pul qazanmağa ehtiyacı var” - o, vurğulayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Turan Tovuz” - “Fənərbaxça” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Tovuz klubunun funksioneri Emru Bolun iddialarının həqiqətdən uzaq olduğunu diqqətə çatdırıb:
“Biz öncə «Fənərbaxça»nın prezidenti Əziz Yıldırıma yoldaşlıq matçının təşkili ilə bağlı niyyətimizi bildirdik. O da dərhal öz razılığını verdi, amma eyni zamanda bildirdi ki, məsələ İdarə Heyətində müzakirə edilməlidir.
İdarə Heyətində məsələ danışılandan sonra deyildi ki, bəli, biz Bakıya gələ bilərik. Ümumiyyətlə, onların bura səfəri üçün1 manat da olsun, ödəniş etməmişik“.
