“Gəncəbasar” I Liqada yeni mövsümə əla başlayıb.
Yayda “Cəbrayıl“dan “Gəncəbasar“a çevrilən komanda çempionatın ilk 3 turu ərzində maksimum xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Əla startda düzgün qurulan hazırlıq prosesinin və analizin böyük rolu var.
Maraqlıdır, bəs üç turdan sonra hədəfləri dəyişibmi?
Mövsümün əvvəlində komandanın əsas məqsədi formalaşmaq və gələcək üçün baza yaratmaq idisə, indi çempionluq haqqında düşünmək mümkündürmü?
Baş məşqçi Elhad Nəziri Sportinfo.az-a açıqlamasında bu suala belə cavab verib:
"Hər şeyi zaman göstərəcək. Mən komandaya dəvət etdiyim futbolçuların potensialına inanıram.
Onların hara qədər inkişaf edə biləcəyini düşünərək, seçimlər etmişəm. Təbii ki, bu uğurlu nəticələrin arxasında rəhbərliyin də böyük payı var.
Rəhbərlik hər zaman mənə dəstək olur, işimə qarışmır və verdiyim qərarların arxasında dayanır.
Ümumiyyətlə, məşqçi hansısa komandada uğurlu olursa, bunun əsas səbəblərindən biri rəhbərliklə məşqçi arasındakı anlaşmadır“.
