"Onların nə üçün belə qərəzli hərəkət etdiyini anlaya bilmirəm, çox təəccübləndim”

03:10 Cüdo 81
"Onların nə üçün belə qərəzli hərəkət etdiyini anlaya bilmirəm, çox təəccübləndim”

Olimpiya çempionu Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov Bakıda keçirilən dünya çempionatında cüdoçuya münasibətdə qərəzli yanaşmanın olduğunu hesab edir.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "report"a açıqlama verib.

Əməkdar məşqçi 73 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionunun yarışı medalsız başa vurması ilə bağlı fikirlərini bölüşüb:

"Hidayət Heydərov ilk görüşündə təmiz qalib gəldi. İkinci qarşılaşma da uğurlu keçdi. Sonrakı dueldə italiyalı rəqib, Avropa çempionatının mükafatçısı Covanni Espozito ilə üz-üzə gəldi. 1/8 final görüşünün başlanğıcı bərabər mübarizə ilə davam edirdi. Hər iki tərəfə passivliyə görə xəbərdarlıq elan olundu. Daha sonra Hidayətin hücumu zamanı ona qərəzli şəkildə ikinci xəbərdarlıq verildi. Bir neçə saniyə keçməmiş idmançımızın növbəti hücumunda da "şido" elan edildi. Bu, hamımız - tamaşaçılar, cüdo mütəxəssisləri və federasiya rəsmiləri üçün anlaşılmaz qaldı. Mən də şəxsi məşqçi olaraq qərəz müşahidə etdim. Hakim dayandı, komissar tərəfdən göstəriş verildi ki, üçüncü xəbərdarlıq elan olunsun. Həmin məqamda xəbərdarlıq vermək mümkünsüz idi. İkinci və üçüncü xəbərdarlıqlar səhv oldu. Buna görə də Hidayət məğlubiyyətlə mundialı tərk etdi".

T.Həsənov bildirib ki, qərəzə nəyin səbəb olduğunu bilmir:

"Onların nə üçün belə hərəkət etdiyini anlaya bilmirəm. Çox təəccübləndim. Hidayət çəkisini yaxşı endirmişdi. Yığmanın məşqlərinə gedirdim. Hər şey normal davam edirdi. Hidayətin taktikası belədir ki, görüşün son hissəsində fəallaşır, fəndlər tətbiq edir. Mən hakimlərin bu addımını anlaya bilmədim. Federasiya nümayəndələri də bunun onlar üçün müəmmalı olduğunu bildirirlər".

Mütəxəssisin fikrincə, Hidayət Heydərov növbəti olimpiadaya daha ciddi hazırlaşmalıdır:

"Dünya çempionatına hazırlıq prosesində heç bir problem yox idi. Bakıdakı yarışda gürcüstanlı Laşa Şavdatuaşvili də cərimə xallarına əsasən mübarizədən kənarlaşdı. Lakin ona verilən xəbərdarlıqlar haqlı idi. Ancaq Hidayətə qarşı qərəzli münasibətin səbəbini başa düşə bilmədim".

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR