“Şəfa“ rəhbərliyi “Baku Arena“ya baş çəkib.
Klubun prezidenti Kənan Sadıqlı və vitse-prezident Əfran İsmayılov burada görülən işlərlə tanış olub.
Stadiona baxış keçirən rəsmilər aparılan yenidənqurma tədbirlərini araşdırıblar.
“Baku Arena“nın əsas meydançasına yeni süni qazon salınıb. Onun altına “qubka“ döşənilib. Həmçinin tribunalara “əl gəzdirilib“,
VİP-loja təmir edilib. Eyni sözlər hakimlər və paltardəyişmə otaqlarına aiddir. Otaqlar mebel və digər lazımı inventarlala təmin olunub.
8125 nəfər tamaşaçı tutumu olan “Şəfa” 2000-ci ildə AFFA tərəfindən qurulub Daha öncə “Termist” adlanan arenanın yenidən qurulması assosiasiyaya 4,5 milyon manata başa gəlib.
Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi.
2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.
Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilib.
Gənclər və İdman Nazirliyinin balansına keçən kompleks yaxınlarda “Şəfa“nın istifadəsinə verilib. 22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi buranı 10 illik icarəyə götürüb.
SPORTİNFO.AZ
