"Sumqayıt"ın qapıçısı Marko Yohansson Premyer Liqanın 10-cu turunda "Şəfa" ilə heç-heçə bitən (1:1) oyundan sonra Sportinfo.az-a müsahibə verib.
– “Şəfa” ilə oyunun favoriti “Sumqayıt” hesab olunurdu. Qələbə qazanmağa nə mane oldu?
– Oyuna qələbə qazanacağımıza inanaraq çıxmışdıq. Buna görə də nəticədən məyusuq. Favorit olmaq heç nəyə zəmanət vermir, bunu meydanda sübut etməlisən. “Şəfa”ya da bizə çətin anlar yaşatdığı üçün haqqını vermək lazımdır. Nələri daha yaxşı edə biləcəyimizi təhlil etməli və növbəti oyuna qədər üzərimizdə işləməliyik.
– Ardıcıl iki qələbədən sonra əvvəlcə “Zirə”yə məğlub oldunuz, bu dəfə isə “Şəfa” ilə heç-heçə etdiniz. Uğurlu seriyanı davam etdirmək niyə mümkün olmadı?
– Əlbəttə, ardıcıl iki qələbədən sonra uğurlu seriyanı davam etdirmək istəyirdik. Lakin hər oyunun öz çətinliyi var. Sabit çıxışın nə qədər vacib olduğunu bilirik və komanda olaraq bu istiqamətdə inkişaf etməliyik. Nəticədən məyusuq, amma bu oyunlardan dərs çıxarmalı və “İmişli” ilə qarşılaşmada yenidən qələbə qazanmağa köklənməliyik.
– İsa Sülimanın sənin əlindəki topa toxunması sosial şəbəkələrdə də geniş müzakirə olundu. Həmin epizodda nə baş verdi? Komanda yoldaşın nə etmək istəyirdi?
– Düşünürəm ki, İsa sadəcə məni təbrik etmək, kürəyimə yüngülcə vurmaq istəyirdi, lakin təsadüfən əlimdəki topa toxundu. Qeyri-adi vəziyyət idi və karyeramda əvvəllər belə bir halla qarşılaşmamışdım. Futbolçu olaraq qərarın doğru və ya yanlış olduğunu müəyyənləşdirmək bizim işimiz deyil. Buna hakim qərar verməlidir.
– Qarşıda “İmişli” ilə oyun var. Bu matçda qələbə şanslarınızı necə dəyərləndirirsən?
– Qələbə qazana biləcəyimizə inanırıq, lakin bizi çətin oyunun gözlədiyini də bilirik. Yaxşı hazırlaşmalı, “İmişli”yə hörmətlə yanaşmalı və meydanda güclü oyun nümayiş etdirməliyik. Yenidən qələbə qazanmaq əzmindəyik.
XANOĞLAN İMANOV
