“Sumqayıt” yaxşı seriya yaxalayıb. Ardıcıl dörd oyunda qələbə üzünə həsrət qalan “kimyaçılar” son iki qarşılaşmada qələbələri sıralamağı bacarıb.
Öncə “Qəbələ” darmadağın edildi, ardınca isə “Araz-Naxçıvan”la oyunda geridönüş üç xalı təmin etdi.
Qarşıdakı turlarda da “Sumqayıt”ın uğurlu nəticələrini görə bilərik.
Komandanın keyfiyyəti və nümayiş etdirdiyi futbol buna ümid verir. Amma bir şərtlə: zədə epidemiyası imkan versə...
Bu gün “Sumqayıt”ın bir nömrəli rəqibi rəqib komandalar deyil, qısa müddətdə sıradan çıxan öz futbolçularıdır.
Sıraya düzülüblər.
Mövsüm başlamazdan əvvəl komandaya qoşulan yeni qapıçı Ceyms zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmalı oldu. Hətta vəziyyət o qədər pis oldu ki, adı mövsüm üçün sifariş olunmadı, əvəzində yeni qapıçı transfer edildi.
Birinci turda “Neftçi” ilə oyunda baş verən xoşagəlməz hadisə isə kapitan Səbuhi Abdullazadəni uzun müddət kollektivdən uzaq saldı.
Növbəti turlarda zədəlilərin siyahısı daha da genişləndi. Öncə Höccət Haqverdi sıradan çıxanlara qoşuldu.
“Qəbələ” ilə qarşılaşmada isə eyni mövqedə çıxış edən iki futbolçunun zədələnməsi vəziyyəti daha da çətinləşdirdi.
Söhbət hücumçular - Rüstəm Əhmədzadə və Jeam Oliveyradan gedir.
Ortabüdcəli komanda üçün zədəlilərin sayının bu qədər çox olması ciddi problemdir.
Daha pisi isə sıradan çıxanlar arasında hücumameyilli futbolçuların üstünlük təşkil etməsidir.
Bu, baş məşqçi Kandidonu üçüncü zonada komandanın effektivliyini artırmaq planlarına ciddi maneə yaradır.
Portuqaliyalı mütəxəssis üçün hazırda əsas məsələ zədəlilərin nə vaxt sıraya dönəcəyindən daha çox, sərəncamında olan sağlam futbolçuları qorumaqdır.
Çünki “Sumqayıt”ın yaxşı oyununu və uğurlu nəticələrini davam etdirməsi üçün təkcə keyfiyyətli heyət yox, həm də kəmiyyətin yerində olması vacibdir.
XANOĞLAN/ SPORTİNFO.AZ
