“Bizdə bu işlərə prezident qarşımır, qərar baş məşqçi tərəfindən verilir”

20:00 Sumqayıt 131
“Bizdə bu işlərə prezident qarşımır, qərar baş məşqçi tərəfindən verilir”

“Sumqayıt”ın yarımmüdafiəçisi Nihad Əhmədzadənin əvəzedici heyətə göndəriləcəyi ilə bağlı iddialar yayılıb.

Xəbərlərə görə, klub prezidenti Riad Rəfiyev futbolçunun müqaviləni uzatmaq istəməməsi səbəbindən belə qərar qəbul edib.

İddiaya əsasən, klub rəhbərliyi gənc və perspektivli futbolçuya köhnə şərtlərlə yeni müqavilə təklif edib.

Lakin Əhmədzadə sözləşmədə nəzərdə tutulan əməkhaqqının az olduğunu düşündüyü üçün müqaviləni uzatmaqdan imtina edib. Həmçinin millimizin üzvünün “Sumqayıt”da ən aşağı maaş alan futbolçulardan biri olduğu bildirilib.

Hazırda U-21 millisinin düşərgəsində olan Nihad Əhmədzadənin “Sumqayıt”a qayıtdıqdan sonra əvəzedici heyətdə məşq edəcəyi və oynayacağı bildirilir.

“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev bu informasiyalarla əlaqədar Sportinfo.az-a açıqlama verib:

“Nihad Əhmədzadə hazırda millinin düşərgəsindədir. Geri qayıdandan sonra əsas komanda, yoxsa əvəzedicilərlə məşq edib-etməyəcəyi və oynayıb-oynamayacağı bilinəcək.

Klub prezidenti və futbolçu arasında olan prinsip söhbəti isə ümumiyyətlə həqiqətə uyğun olmayan məlumatdır. Heç bir futbolçu ilə klub rəhbəri arasında hansısa prinsip və ya anlaşılmazlıqdan söhbət gedə bilməz.

Riad müəllim indiyədək hansısa futbolçuya qarşı belə addım atmayıb və atmaz. O, belə məsələlərdə çox diqqətlidir.

Nihad isə bəyəndiyi gənclərdən biridir və ona böyük ümidləri var. Mən təəssüf edirəm ki, belə əsassız xəbərlər yayılır.

Bizdə istənilən futbolçu ilə bağlı qərar baş məşqçi tərəfindən verilir. Prezident qarşımır.Filipe Kandidonun səlahiyyətlərinə kimsə müdaxilə etmir.

Bu kimi məsələlər də onun verdiyi qərar əsasında həll olunur”.

Digər Xəbərlər
Xəbər Lenti