"Həmin vaxt kimsə mənə bunu desəydi, inanmazdım"

13 Yanvar 2021 19:40 Sumqayıt 654
"Həmin vaxt kimsə mənə bunu desəydi, inanmazdım"

“Bu haqda heç də birmənalı fikir bildirmək olmur.

Çempionatın əvvəlində kimsə mənə desəydi ki, şərəfini qoruduğun komanda ilk dövrədə uğurlu qrafik cızıb lider olacaq, inanmazdım.

Ancaq biz bunu bacardıq və ilk 7 turdan sonra zirvədə qərarlaşdıq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın kapitanı Vurğun Hüseynovun dilindən çıxıb. Uzun illərdir “kimyaçılar“ın şərəfini qoruyan müdafiəçi Premyer Liqanın ilk 2 dövrəsinin yekunları barədə fikirlərini açıqlayıb.

O, 16 xalla turnir cədvəlində 4-cü pillədə olmağı uğur sayır: “Oyundan-oyuna uşaqlarda özünəinam artdı ki, bunda da baş məşqçinin və köməkçilərinin danılmaz zəhməti var.

Bu gün hamı deyir ki, Premyer Liqada ən baxımlı oyun sərgiləyən 3 komanda varsa, onun da biri “Sumqayıt”dır. Bunun arxasında isə gərgin əmək durur.

Çalışırıq baş məşqçinin, rəhbərliyin etimadını doğruldaq, azarkeşlərimizə belə çətin vaxtda sevinc yaşadaq. Təəssüf ki, ikinci dövrənin gedişində itkilərimiz çox oldu, zədəli futbolçuların sayı artdı.

Bu da istər-istəməz oyunumuza təsir göstərdi. Bütün bunların zirvəsi isə futbolçularımızın kütləvi şəkildə COVID-19-a yoluxması oldu.

Bəlkə də heyətimiz geniş olsaydı, itkiləri “sığortalayıb”, fasiləyə daha üst pillədə yollana bilərdik. Ancaq yaşadıqlarımızı nəzərə aldıqda fasiləyə avrokuboklara vəsiqə verən 4-cü pillədə yollanmağımız, məncə, qənaətbəx nəticə kimi qəbul oluna bilər“.

Digər Xəbərlər
Xəbər Lenti