Azər Bağırovu Ayxan Abbasovdan fərqləndirən nədir? – Kapitandan eşidin

20:40 Şamaxı 81
Azər Bağırovu Ayxan Abbasovdan fərqləndirən nədir? – Kapitandan eşidin

Hazırda Premyer Liqanın sponsorsuz yeganə klubu “Şamaxı”dır.

Bölgə təmsilçisi dövlət tərəfindən ayrılan 2,5 milyonluq manatla “yaşamaq” məcburyyətindədir. Hə, bir də UEFA-dən gələn müəyyən məbləğdə vəsait köməyə çatır.

Böyük pulları olmasa da, “şirlər” rəqiblər üçün təhlükəli komanda hesab olunur. Xüsusən seleksiya işi və mübarizlik “Şamaxı”nın əsas üstünlüyüdür.

Bu, Ayxan Abbasovun dönəmində də beləydi, Azər Bağırov gələndən sonra da davam edir.

Halbuki baş məşqçi dəyişikliyindən sonra şamaxlılıların büdrəyəcəyi, əvvəlki günlərindən uzaq düşəcəyi, turnir cədvəlinin son yerlərində yer alacağı ehtimal olunurdu.

Azər Bağırov “Şamaxı”da nələri dəyişib? Onu Ayxan Abbasovdan fərqləndirən nələrdir? Bağırovla işləmək rahatdır, yoxsa Abbasovla?

Bu sualları bölgə təmsilçisinin 32 yaşlı kapitanı Rikardo Fernandesə ünvanladıq.

Cavabı nə oldu?

Buyurun:

“Hər ikisi həm məşqçi, həm də insan kimi əladır. İkisinə də böyük hörmətim var.

Onların bir-birindən fərqləndirən fərqli oyun fəlsəfələrinə malik olmalarıdır. Bu, hər yerdə belədir, bütün məşqçilər eyni cür futbol oynatmır. Dəyişən yalnız sistemdir.

Ayxan Abbasovun dönəmində üç mərkəz müdafiəçisi ilə oynayırdıqsa, indi iki stopperlə çıxış edirik. Bu dəyişiklik sayəsində ola bilsin indi topla oyuna daha çox üstünlük veririk.

Yox, söhbət “Şamaxı”dan gedirsə, eyni ab-hava, eyni istək, eyni kollektivdir. Əvvəlki iki ildə də mübarizlik göstərirdik, bu il də belədir”.

11 turdan sonra 14 xala sahib olan “şirlər” 12 komanda arasında 7-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti