«Araz-Naxçıvan» Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcək.
Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
O, tezliklə ev oyunlarını «Baku Arena»da keçirmək istədiklərini bildirib. Təcrübəli funksionerin dediyinə görə, komanda hazırda burada məşq keçir.
Yaxınlarda qazonu dəyişdirilmiş meydançanın vəziyyəinin qənaətbəxş olduğunu söyləyən idarəçi qeyd edib ki, FİFA stadiona lisenziya verəndən sonra PFL-ə məktub ünvanlayacaqlar.
İlk adı “Şəfa” olan bu stadionun 8125 nəfər tamaşaçı tutumu var. Daha öncə “Termist” adlanan arena 2000-ci ildə AFFA tərəfindən qurulub.
Bu iş assosiasiyaya 4,5 milyon manata başa gəlib. Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi.
2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.
Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilib.
Gənclər və İdman Nazirliyinin balansına keçən kompleks yaxınlarda “Şəfa“nın istifadəsinə verilib. 22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi buranı 10 illik icarəyə götürüb.
