Azərbaycan millisinin yarımmüdafiəçisi Edqar Adilxanovun "Şamaxı"da problemi yaranıb.
Premyer Liqanın son turlarında əsas heyət üzvü olaraq meydana çıxmayan gənc Azər Bağırova öz narazılığını bildirib.
Ehtiyatda qalmaqdan bezən orta sahə oyunçusu baş məşqçiyə fikrini deməkdən çəkinməyib.
O, bu münasibətə layiq olmadığını, haqsızlıqla üzləşdiyini söyləyib. Edqar qeyd edib ki, əla forma yığdığı bir vaxtda belə vəziyyətlə qarşılaşmasını doğru saymır.
Bağırovun Ədilxanova bu cür yanaşmasının kökündə bir səbəb dayanır.
21 yaşlı gəncin karyerasını Belçikada davam etdirmək imkanı var. Belə ki, "Genk" onu yaxından izləməkdədir.Qarşı tərəf bu barədə "Şamaxı" rəhbərliyini məlumatlandırıb.
Avropa klubu qarşıdakı 6 ay ərzində orta sahə oyunçusunu nəzarətdə saxlayacaqlarını diqqətə çatdırıblar.
"Genk" Adilxanovun transferi üçün 2 milyon avro civarında ödəniş etməyə hazırdır? Bu barədə sosial şəbəkələrdə yayılan xəbərlərin əsli bir qədər fərqlidir.
Əslində, bu, "Şamaxı"nın müəyyənləşdirdiyi satış qiymətidir. "Şirlər" 4 ildən artıqdır etimad göstərdiyi Ədilxanovu təqribən bu qiymətə satmağı arzulayır. Çünki onun müqaviləsinin bitməsinə 2 ilə yaxın vaxt qalıb.
Azər Bağırov Edqar Ədilxanovun adının "Genk"lə yanaşı hallanmasından bir növ qıcıqlanıb. Bu xəbərlər baş məşqçinin xoşuna gəlməyib.
Yarımmüdafiəçinin "hava"ya girməsinin qarşısını almaqdan ötrü başqa yol tapmadığından, əsas heyətdəki yerini əlindən alıb.
SPORTİNFO.AZ
