"Tottenhem"in sabiq hücumçusu: "Ümid edirəm ki, azərbaycanlı gənclərə ilham verə bilmişəm"

21:00 Premyerliqa 71
"Tottenhem"in sabiq hücumçusu: "Ümid edirəm ki, azərbaycanlı gənclərə ilham verə bilmişəm"

“Turan Tovuz” azarkeşlərinin sevgisini qazanan, klubun uzun aradan sonda Premyer Liqaya qayıtdığı mövsümdə komandanın aparıcı simalarından olan Natan Oduva Sportinfo.az-a müsahibə verib.

“Tottenhem” klubunun yetirməsi olan hücumçu müsahibəsində Azərbaycandakı günlərini xatırlayıb, “Turan Tovuz”a olan sevgisindən danışıb.

Həmçinin karyerasının hazırkı mərhələsi və Azərbaycana qayıtmaq ehtimalı ilə bağlı suallarımızı cavablandırıb.

- Azərbaycanda “Şamaxı” və “Turan Tovuz” klublarında çıxış etmisən. Burada oynadığın dövrdən ən yaxşı xatirələrin hansılardır?

- “Keşlə”də keçirdiyim dövr futbol baxımından o qədər də yaddaqalan olmadı. Bununla belə, orada tanıdığım, təcrübəmi gözəlləşdirən çox yaxşı insanlar var idi. “Turan Tovuz” isə həmişə qəlbimdə xüsusi yer tutacaq. Azarkeşlər inanılmazdır. Həm futbolçular, həm də məşqçilər heyəti karyeramın ən yaxşı oyunlarından bəzilərini yenidən nümayiş etdirməyimə böyük kömək göstərdi. Xüsusilə klubun Premyer Liqada debüt etdiyi mövsümdə komandanın bir parçası olmaq möhtəşəm təcrübə idi. Bu kluba və azarkeşlərinə böyük hörmət və sevgim var.

- Azərbaycan Premyer Liqasında çıxış etmək xoşuna gəlirdi?

- Əlbəttə. Azərbaycan futbolu gözlədiyimdən daha texniki idi. Müxtəlif ölkələrin çempionatlarında çıxış etdiyim üçün deyə bilərəm ki, bəzi liqalarda fiziki mübarizə daha çox olur və taktiki amillər ön plana çıxır. Azərbaycan futbolunda isə texniki keyfiyyətlər güclü şəkildə hiss olunurdu. Bu təcrübədən zövq aldım. Çünki fərqli futbol üslubu ilə tanış olmaq, yeni insanlarla ünsiyyət qurmaq və başqa mühitdə özümü sınamaq imkanı qazandım.

- Azərbaycanda iki klubda çıxış etmisən. Təkliflərin ola-ola buranı tərk etmək qərarını niyə verdin?

- Deyərdim ki, həm mənim, həm də klubların qərarı gedişimdə müəyyən rol oynadı. Müqavilə ilə bağlı bəzi məsələlərdə razılığa gələ bilmədik. Eyni zamanda, başqa imkanlar da ortaya çıxdı. Nəticədə başqa ölkələrdə yeni imkanlar axtarmağın vaxtı çatdığını düşündüm. Xüsusilə dəyər veriləcəyim və karyeramı inkişaf etdirə biləcəyim bir yerdə oynamaq istəyirdim. Bu, peşəkar qərar idi və Azərbaycanda qazandığım təcrübələrə görə heç bir peşmanlığım yoxdur.

- Karyerana “Tottenhem”də başlamısan və İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmisən. Həmin vaxt çoxları səndən parlaq gələcək gözləyirdi. Futbolda daha böyük uğurlar qazana bilməyinə nə mane oldu?

- Mənim arzum həmişə peşəkar futbolçu olmaq idi və fəxrlə deyə bilərəm ki, bu arzum reallaşdı. Əlbəttə, karyeram bəzi insanların gözlədiyi zirvələrə çatmamış ola bilər. Amma buna mənfi yanaşmıram. Bir neçə ölkənin yüksək divizionunda oynamaq, beynəlxalq səviyyədə iki ölkəni təmsil etmək imkanım olub. Müxtəlif futbol mədəniyyətləri ilə tanış olmuşam, titullar qazanmışam və bu yolda möhtəşəm insanlarla qarşılaşmışam. Futbol çətin peşədir və hər kəsin karyera yolu fərqlidir. Əldə etdiklərimə görə minnətdaram. Bununla belə, hələ də daha böyük uğurlar qazanmaq istəyirəm

- Şotlandiyanın “Reyncers” klubunda da çıxış etmisən. O günlər barədə xatirələrin necədir?

- Bu, möhtəşəm təcrübə və karyeramın ən yaddaqalan dövrlərindən biri idi. Azarkeşlər və klubda birlikdə çalışmaq fürsəti qazandığım insanlar həmin dönəmi mənim üçün xüsusilə özəl etdi. “Reyncers” azarkeşlərinin futbola sevgisi tamam başqadır. Onlar futbolla yaşayırlar və klubla azarkeşlər arasındakı bağlılığı meydanda da hiss edirsən. Bu gün də “Reyncers”i izləyirəm. Həmin klub həmişə qəlbimdə xüsusi yer tutacaq. Şübhəsiz ki, formasını geyinmək şərəfinə nail olduğum ən böyük klublardan biridir.

- Karyeran ərzində çoxsaylı futbolçularla bir komandada çıxış etmisən. Birlikdə oynadığın ən məşhur futbolçu kim olub?

- Mussa Dembele. Karyeram ərzində çox istedadlı futbolçularla bir komandada oynamışam. Amma Mussa mənim üçün xüsusi seçilir. Onun texniki bacarığı, fiziki gücü və oyun keyfiyyəti müstəsna idi.

- Hazırda nə ilə məşğulsan? Məşqlərini davam etdirir və yeni peşəkar klub axtarırsan?

- Bəli, hazırda məşqlərimi davam etdirir, növbəti fürsəti gözləyərkən fiziki formamı ən yaxşı səviyyədə saxlamağa çalışıram. Vəziyyətimdən asılı olmayaraq, hər zaman hazır olmağın vacibliyinə inanmışam. Klubsuz qalmaq məşqləri dayandırmaq demək deyil. Fiziki hazırlığımı qoruyur və karyeramın növbəti mərhələsinə hazırlaşıram.

- Hələ də yüksək səviyyədə peşəkar futbol oynamağa özünü hazır hiss edirsən?

- Əlbəttə! Hələ bir neçə il də futbol oynaya biləcəyimə inanıram və buna böyük həvəsim var. Klubsuz olduğum müddətdə də özümə diqqət yetirmiş, fiziki formamı qorumuşam. Buna görə də komandaya hələ verəcəyim çox şeyin olduğunu düşünürəm. Karyeramın bu mərhələsində növbəti fürsətin haradan gələcəyinə açığam. Əsas məqsədim mümkün qədər yüksək divizionda çıxış etməkdir. Məkan mənim üçün o qədər də önəmli deyil. Əsas məsələ düzgün futbol mühiti tapmaq və yüksək səviyyədə mübarizəni davam etdirməkdir.

- Azərbaycan futbol azarkeşlərinə nə demək istərdin? Səni hələ də xatırlayanlara mesajın varmı?

- Azərbaycanda çıxış etdiyim müddətdə mənə dəstək olan hər kəsə böyük təşəkkürümü bildirirəm. Ümid edirəm ki, meydana çıxdığım hər oyunda sizə zövq və sevinc bəxş edə bilmişəm. Xüsusilə “Turan Tovuz”da olduğum müddətdə göstərdiyiniz dəstək mənim üçün çox böyük əhəmiyyət daşıyırdı. Ümid edirəm ki, müəyyən mənada Azərbaycanda yetişən gənc futbolçulara da ilham verə bilmişəm. Göstərdiyiniz sevgini və dəstəyi hər zaman yüksək qiymətləndirəcəyəm. Azərbaycan futbolunda əməyi olan hər kəsə gələcəkdə uğurlar arzulayıram.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti