Premyer Liqadan təklif aldı, aşağı liqada işləməyi lazım bildi – NİYƏ?

17 Oktyabr 2023 19:00 Şamaxı 1 025
Premyer Liqadan təklif aldı, aşağı liqada işləməyi lazım bildi – NİYƏ?

Ötən mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən “Şamaxı” hazırda Birinci Liqada mübarizə aparır.

Bölgə təmsilçisi 4 oyundan sonra 8 xal toplamaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Sirr deyil ki, “Şamaxı”nın məqsədi yenidən elitaya qayıtmaqdır. Lakin heyətini təcrübəli futbolçularla zənginləşdirən “İrəvan”ın mübarizə apardığı çempionatda, bu, kifayət qədər çətin görünür.

Ötən il də komandanın sükanı arxasında olan Vüqar Əsgərli ilə söhbətdə “Şamaxı” ilə bağlı suallara cavab tapmağa çalışdıq.

- Birinci Liqanın havası necədir?

- Bilirsiniz, Birinci Liqa “əvəzedicilər”dən ayrıldı və yaş limiti aradan götürüldü. Bu qərarlarar liqanın keyfiyyətini artırmaq üçün yaxşı səbəb oldu. Mövsümün əvvəli olduğu üçün hər komanda mümkün qədər iddiasını ortaya qoymağa çalışır və oyunlar kifayət qədər maraqlı keçir.

- Öən il Premyer Liqada çalışırdınız, bu il Birinci Liqada. Arada çoxmu böyük fərq var?

- Birinci Liqanı Premyer Liqadan fərqləndirən əsas cəhət infrastruktur ilə bağlıdır ki, bu da gözləniləndir. Ötən il Region Liqasında mübarizə aparan komandalar peşəkar statusu alaraq birbaşa Birinci Liqaya buraxıldı. Bu da özlüyündə müəyyən çətinliklər yaradır. Xüsusən də stadion baxımından. Əsas problem infrastrukturdur. Qalan məsələlərə PFL tərəfindən ciddi nəzarət olunur .

- “Şamaxı” Birinci Liqanın favoritlərindən hesab olunur ki, əksəriyyət bu komandanın növbəti mövsümdə yenidən Premyer Liqada olacağını təxmin edir. Lakin 4 oyundan sonra 2 qələbə və 2 heç-heçə ilə “İrəvan”dan geri qalırsınız. Bu gün komandanızdan nə dərəcədə razısınız?

- Hazırkı durumumuz belədir ki, ilk 4 oyunun 3-nü səfərdə oynamışıq və hər 3 komanda çempionluq yolunda iddialarını ortaya qoyan kollektivlərdir. Hələ ki, məğlub olmamışıq. Yolumuza davam edirik və ümid edirəm sonda məqsədimizə çatıb çempion olacağıq.

- Birinci Liqada çempionluq uğrunda əsas mübarizənin “Şamaxı” ilə “İrəvan” arasında gedəcəyi ehtimal olunur. Siz də bu fikirdəsiniz?

- Birinci Liqada kifayət qədər yaxşı komandalar var. Bunlardan biri də “İrəvan”dır. Komandanın həm məşqçi, həm də futbolçu heyətində vaxtilə Premyer Liqada çempion olmuş insanları görmək mümkündür. Bu faktor artıq bu komandanın nə dərəcədə ciddi rəqib olduğunu göstərir. Bizdə isə heyət demək olar gənclərdən və çempion olmaq üçün alışıb-yanan futbolçulardan qurulub. Yay hazırlıq dövründə ”İrəvan”la keçirdiyimiz yoldaşlıq görüşündə qalib gəlmişdik. Rəqabət məsələsinə gəlincə, demək istəyirəm ki, bizim komanda heç kimdən çəkinmir və rəqibləri xüsusi fərqləndirmir.

- Konkretləşdirsək, qarşınıza Premyer Liqaya qayıtmaq hədəfi qoyulub?

- Rəhbərliyin, eləcə də bizim məqsədimiz yenidən Premyer Liqaya qayıtmaqdır.

- Ötən mövsüm elitada yerli futbolçularla çıxış edən yeganə komanda “Şamaxı” idi və bu layihənin gələcəyə hesablandığı deyilirdi. Maraqlıdır, həmin təcrübə sizə nə verdi? Bu gün nə dərəcədə işinizə yarayır?

- Yalnız yerli futbolçular ilə oynamaq bir layihə idi və bu plan hazırda davam edir. Ötən il də Azərbaycan futboluna kifayət qədər yeni simalar qazandıra bildik. Bu il Birinci Liqadakı rəqiblərimiz legionerlərin hesabına güclənsələr də, biz öz hədəfimizdən əl çəkməmişik. Məqsədimiz yerli istedadlara şans verməkdir. Ümid edirəm ki, Azərbaycan futboluna hələ çox sayda yeni adlar qazandıracağıq.

- Ölkə futbolunda nəzəriyyəni yaxşı bilən Pro kateqoriyasına sahib məşqçilərdənsiniz. Mövsümlərarası fasilə dönəmində “Şamaxı”dan başqa təklifləriniz var idi?

- Ötən mövsüm başa çatandan sonra bəzi təkliflər var idi. Təkliflər Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər Liqasının təmsilçilərindən idi. Rəhbərliklə danışıb planları müzakirə edəndə, iddialarımızın üst-üstə düşdüyünü görüb burdakı işimi davam etdirməyi qərara aldım.

- Bu gün klub və komandada sizi ən çox narahat edən nədir?

- Klub rəhbərliyi sağ olsun, keçən il Premyer Liqada hansı şərait idisə, indi də eyni cür davam edir. Bizi narahat edən əsas problem səfər matçlarında oynadığımız stadionlardır. Elə stadionlar var ki, konkret futbolçular üçün konkret zədə mənbəyidir. Başqa hansısa çətinliyimiz yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"