
"Şamaxı" ötən mövsüm ancaq yerli futbolçularla oynadığı üçün klub rəhbərliyi az daş-qalaq olunmadı.
Az qala hər mətbuat konfransında məşqçilər korpusuna strategiya ilə bağlı suallar ünvanlanırdı.
Ki, bir neçə səviyyəli legioner alınsa, klub Premyer Liqada qalacaq və ya daha yaxşı nəticələr əldə edəcək.
Bütün tənqidlərə baxmayaraq bölgə klubu mövsümün sonuna kimi tutduğu yoldan dönmədi.
Düzdü, Premyer Liqada qalmaq vəzifəsi yerinə yetirilmədi. Daha böyük büdcəyə, daha sanballı heyətə sahib "Səbail"ə son turdakı məğlubiyyət komandanı aşağı liqaya yuvarladı.
Bəlkə də legionerlər heyətə cəlb olunsaydı, klubun daha əvvəldən aşağı liqaya düşəcəyi dəqiqləşəcəkdi. Qısası, legionerlərin alınmasının "şirlər"i yüksək liqada saxlayıb-saxlamayacağını iddia etmək çətindir.
Məsələn, bu il 10 klubun hamısı legionerlərin xidmətindən istifadə edir/edəcək. Amma sonda kimsə yenə aşağı liqaya yuvarlanacaq. Yəni əcnəbilərin kütləvi transferi hədəflərə çatmağın qarantı ola bilməz.
Amma bir şeyi dəqiq iddia etmək olar ki, "Şamaxı"nın ötən sezon ancaq yerlilərlə oynaması Azərbaycan futboluna xeyirdən başqa heç nə vermədi. Bəli, klub bu gün birinci diviziondadır.
Lakin ötən ilki heyətdən çox sayda futbolçu yenə Premyer Liqada yola davam edir. Həm də iddialı klublarımızda.
Adları gördükcə şok olmamaq mümkün deyil. Gəlin, göz qamaşdıran siyahı ilə tanış olaq:
Nihad Quliyev - Ötən ilə kimi yüksək liqada cəmi 1 oyun təcrübəsi vardı. 2022/23 mövsümü Premyer Liqada 32 oyun keçirən 22 yaşlı futbolçunu Qurban Qurbanov yeni mövsüm üçün məxsus olduğu "Qarabağ" qaytardı. O, ilk turda "Zirə"yə qarşı 60 dəqiqə meydanda oldu.
Fuad Bayramov - "Şamaxı"da parlayan cinah müdafiəçisi yayda "Zirə"yə keçdi. O, birinci turda start heyətində meydana çıxıb və komandasına "Qarabağ" önündə qələbə gətirən yeganə qolun ötürməsini edib.
Kamran Quliyev - Birinci tur "Sumqayıt"ın "Səbail"i darmadağın (4:1) etməsinə həm qol, həm də asistlə töhfə verdi.
Rəhman Daşdəmirov - Mərkəz müdafiəçisi yayda çempionluğa iddialı "Sabah"a transfer olundu. Birinci tur 45 dəqiqə meydanda olan 22 yaşlı arxa xətt oyunçusu özünü kifayət qədər yaxşı tərəfdən göstərə bildi.
Cəlal Hüseynov - "Zirə"nin yetirməsi məhz "Şamaxı"da keçirdiyi uğurlu mövsümün ardınca Bolqarıstan təmsilçisi "Arda"ya transfer olundu.
Rauf Hüseynli - Premyer Liqa həyəcanın tam olaraq "Şamaxı"da hiss edən 23 yaşlı cinah müdafiəçisi yeni mövsümə "Qəbələ"də başlayıb. Hüseynli daha əvvəl Premyer Liqada "Zirə" forması ilə 5, "Qarabağ" rənglərində 1 oyunda meydana çıxmışdısa, 2022/23 mövsümü Cavid Hüseynov ona 32 görüşdə oynamaq imkanı yaratmışdı.
Siyahıya "Araz Naxçıvan"a keçən Elçin Mustafayev, "Səbail"ə transfer olunan Bahadur Həziyevi də əlavə edə bilərik.
İndi siz deyin, "Səbail" kimi 10 yüksək ödənişli legionerlə son turda elitada qalmağı təmin etmək Azərbaycan futboluna faydalıdır, yoxsa ancaq yerliləri oynadıb diviziona düşməklə bu qədər azərbaycanlı balasını futbolumuza qazandırmaq?
Unutmayın, "Şamaxı" yenidən nə vaxtsa yüksək liqaya qayıda bilər. Ancaq yuxarıda adı sadalanan futbolçular ötən il oynamasaydı, bu gün bəlkə də əksəriyyəti futbolu atmışdı. Bir daha qayıtmamaq şərti ilə.
"Şamaxı" üzərinə düşməyən yükü bir il artıqlaması ilə daşıdı. Hər birinin parlamasına yol açdı. Bu klubun sayəsində sağlıqlarına qismət yüksək maaş, iddialı klublar gördülər.
Bundan sonra davamını gətirmək isə özlərindən və yeni klublarından asılıdır.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.