“Yeni komanda ilə Premyer Liqaya çıxmağı qarşımıza hədəf qoymuşuq" - Vitse-prezident

16 İyul 2023 08:30 Şamaxı 1 470
“Yeni komanda ilə Premyer Liqaya çıxmağı qarşımıza hədəf qoymuşuq" - Vitse-prezident

“Şamaxı”nın vitse-prezidenti və İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov mediaSport.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi əvvəlcə “Şamaxı”nın Birinci Diviziona düşməsi ilə bağlı fikirlərini bölüşüb.

Məmmədov deyib ki, komanda Premyer Liqada qalmağa layiq çıxış edirdi:

- Ona görə Diviziona düşməyimiz gözlənilməz oldu. Komandamız maraqlı oyunları ilə Premyer Liqada qalmağa layiq olduğunu göstərirdi. Güclü rəqiblərə qarşı göstərdiyimiz oyunlar da buna əyani sübut idi. Məqsədimiz liqada qalmaq idi, lakin barışmalı olduğumuz reallıqlar da var. Birincisi, 3-4 oyunçu istisna olmaqla, formalaşdırdığımız komandada çıxış edən futbolçuların hamısı gənc və təcrübəsiz idi. Məşqçilər korpusu da Premyer Liqada ilk təcrübəsini keçirdi. Hamısı özlərini ilk dəfə idi ki, Premyer Liqada sınayırdılar. Ümumən özlərini pis göstərmədilər. Klub rəhbərliyi olaraq həm futbolçulardan, həm məşqçilər korpusundan razı qaldıq. Çünki bütün komanda mövsümün sonuna qədər vuruşdu, Premyer Liqada qalmaq üçün əllərindən gələni etdilər.

R.Məmmədov Birinci Divizionda mübarizə aparacaq komandanın əsas məqsədi barədə bunları deyib: "Əsas hədəfimiz Divizionda çempion olmaq və yenidən Premyer Liqaya qayıtmaqdır. Heyətdən bir çox oyunçumuz getsə də, komandanı yenidən formalaşdıra biləcəyimizə inanıram. Qeyd edim ki, “Şamaxı”dan ayrılan futbolçuların hər biri razılıqla yola salınıb. Bir neçəsini icarəyə vermişik. Yeni kollektivlə də Premyer Liqaya çıxmağı qarşımıza hədəf qoymuşuq".

Mətbuatda "Şamaxı"dan gedən futbolçuların əmək haqqlarını ala bilmədiklərinə dair xəbər yayılıb. Klub rəsmisi bildirdi ki, komandadan ayrılan futbolçulara cüzi verəcəkləri qalıb, tez bir zamanda ödəyəcəklər: "İllərdir Azərbaycan futbolunun içindəyəm, hər zaman çətinliklər, gözə görünməyən çatışmazlıqlar olur və normaldır. Maliyyə problemləri də həmçinin, bəzən baş verir. Buna canlı nümunə kimi köklü və titullu klublarımızın dağılmasını da misal çəkə bilərəm. Lakin 1 ilin içərisində yenidən formalaşdırılan “Şamaxı”da hər hansı ciddi bir maliyyə problemi yaşanmayıb.

Dövlətimiz və Şamaxı şəhər rəhbərliyinin dəstəy ilə klubda belə ciddi çatışmazlıqlar olmadı. Elçin müəllim (Elçin Usubu nəzərdə tutur, “Şamaxı”nın Müşahidə Şurasının sədri-red.) mövsüm boyu demək olar, gecə-gündüz çalışdı ki, belə problemlər yaranmasın. Əlavə maliyyə, sponsor dəstəyi olmadan komanda saxlamaq, onu idarə eləmək sizə asan gəlməsin. “Şamaxı” rəhbərliyi işə əvvəldən peşəkar yanaşdı və mövsümü bu mənada problemsiz başa vurduq. Deyilən məsələ ilə bağlı xırda gecikmələr yaranıb, lakin buna da “problem, klubun futbolçulara xeyli borcu var” demək olmaz. Sadəcə, bir neçə futbolçuya cüzi verəcəyimiz qalıb. Elçin müəllim hazırda bu istiqamətdə çalışmalarını davam etdirir və çox qısa müddətdə gedənlərin bizdə qalan maaşı ödəniləcək. AFFA-nın xərclərlə bağlı maliyyə hesabatını tez bir zamanda həll edəcəyik. Rəhbərlik bunun üçün çalışır, sənədləri hazırlayır. Bizim futbol oynadığımız illərdə komandalar futbolçulara bəzən 5-6 ay maaş verə bilmirdi. “Şamaxı”da indi bəzi oyunçuların 1 aylıq, yarım aylıq əmək haqqları qalıb, onu da tezliklə alacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti