"Şamaxı" I Diviziona yuvarlanıbsa, AFFA bu klubu ona qurban verməsin!

28 May 2023 16:30 Şamaxı 4 383
"Şamaxı" I Diviziona yuvarlanıbsa, AFFA bu klubu ona qurban verməsin!

Premyer Liqada mövsümün son iki sualına dünən - eyni gündə cavab tapdıq.

Doğma divarlar arasında «Kəpəz»lə 1:1 edən «Qəbələ» avrokuboklara dördüncü vəsiqəni alıb cibinə qoydu. Bu, belə…

«Şamaxı» da Premyer Liqada yerini qoruya bilmədi. Bayılda əsas rəqibi «Səbail»ə 0:1 hesabıyla uduzdular və axırıncı pillənin tutub I Divizona yön aldılar.

AFFA rəhbərliyi sezon ərzində ən azı 100 dəfə müxtəlif səviyyələrdə bəyan eləyib ki, 10-cu yerin sahibi gələn «futbol ili»nə Premyer Liqada yox, aşağı dəstədə başlayacaq.

Güman ediirik ki, bu başıpapaqlı şəxslər, heç olmasa, indi sözünün üstündə dayanmayacaq, arxasından qaçmayacaqlar.

Əlbəttə, Premyer Liqada bölgə klublarının çox olmasını istəyirik. Futbolun inkişafı baxımından regionların burada təmsilçiliyi önəmlidir.

Onların sayı nə qədər artsa, bu proses daha tez gedər. Liqaya maraq və həvəs rayonlardadır.

Bütün bunları bilir və qəbul edirik. Ancaq qayda nədirsə, reqlament nədirsə, ona hörmətlə yanaşılmalıdır.

«Şamaxı» gedir, «Araz Naxçıvan» gəlir - deməli, növbəti mövsümdə də ən azından mövcud say qorunacaq. AFFA iştirakçıların səfini genişləndirmək istəyirsə, başqa məsələ.

Razıyıq, 12 klub olsun. İmkanı çatmırsa, «Şamaxı»ya görə «Araz Naxçıvan»ın yolunu bağlamaq olmaz və bağlanmamalıdır.

Muxtar Respublika komandası I Divizionda əziyyət çəkib, çempionluq əldə edib. İli uğursuz keçirən «Şamaxı»nın aşağı dəstədən yuxarı boylanan «Araz Naxçıvan»dan nəyi artıqdır ki?

Belə də ki, hazırkı tablo gözlənilən idi. Çempionatın ən aşağı büdcəli iştirakçısı olan «Şamaxı» 9-cu yeri tutsaydı, biz bunu sezonun ən böyük sürpriz hadisəsi kimi qeyd edəcəkdik.

Gücləri çatmadı, yaxşısı budur, indi də gedib özlərini I Divizionda sınasınlar. «Yerliləri, gəncləri oynadırıq» deyə-deyə, 1 il Premyer Liqada vurnuxdular.

Eybi yox, 1 il də bu prinsiplə I Divizionda işləyərlər. Deviz budursa, ona sadiq olmalıdırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti