“Bu cür futbol atmosferini “Neftçi”də oynayanda görmüşdüm.
Şamaxılı azarkeşlər sağ olsun, oyuna gəlib öz dəstəkləri ilə bizə motivasiya verdilər”.
“Şamaxı”nın “Neftçi”ylə oyundakı möhtəşəm qolunun müəllifi, komandasının ən yaxşısı Rəhman Hacıyev Sportinfo.az-a açıqlamasında sözügedən matçla bağlı danışıb.
Müqavilə ilə məxsus olduğu “Neftçi”yə növbəti qolunu vuran Rəhman bu dəfə də qol sevinci yaşamadı. 28 yaşlı futbolçu bu məqama aydınlıq gətirib:
“Bundan sonra da nəvaxtsa “Neftçi”yə qol vursam, yenə qeyd etməyəcəm. Çünki 7 il orada oynamışam, klubun çörəyini yemişəm.
İçdən gələn bir şeydir. Düzdür, “Şamaxı”nın uğuru üçün əlimdən gələni edəcəyəm, amma qola sevinmək söhbəti olmayacaq”.
Bəli, Hacıyev müqavilə ilə “ağ-qaralar”a məxsusdur. Lakin komanda onun xidmətində maraqlı deyil deyə, artıq ikinci mövsümdür “Şamaxı”nın uğurları üçün tər tökür.
Rəhman Hacıyev 2020-ci ilin yayından bu yana çıxış etdiyi “Keşlə”də bütün yarışlarda 51 oyunda forma geyinməklə 10 qola imzasını yazdırıb, bu komanda ilə ölkə kubokunu qazanıb.
HƏBİB

