“Şamaxı” – “Neftçi” qarşılaşmasını izləyənlər arasında meydan sahiblərinin İdarə Heyətinin sədri Zaur Axundovu da görmək mümkün idi.
Bunu xeyli vaxtdır mətbuatdan uzaq gəzən Axundovu görən jurnalistlər üçün sevindirici məqam saymaq olardı.
Çünki son vaxtlar klubla bağlı ortaya çıxan suallara cavab tapmaq üçün Zaur bəylə müsahibə şərt idi.
Belədə, oyun başa çatan kimi “Şamaxı”nın rəhbərinə yaxınlaşıb sorğu-suala tutduq. Axundov öncə matçla bağlı fikirlərini dilə gətirdi:
- Məğlubiyyət yerinə düşmədi. Bu gün bu cür azarkeşlərin qarşısında qələbə qazanmaq istəyirdik. Komandamız hesabda önə çıxan kimi müdafiə futbolu oynayır. Bu da xoş hal deyil. Yaxşı imkanlarımız var idi, dəyərləndirə bilmədik. Futbolda belədir, sən vurmadınsa, sənin qapına vuracaqlar. Eyni şeylər təkrarlanır. Bunlara son qoymaq lazımdır və qoyulacaq. Baş məşqçi ilə söhbətim olacaq.
- Bundan sonra ev oyunlarınızı Şamaxıda keçirəcəksiniz. Bu məqam komandanın nəticələrinə yaxşı mənada təsir edə bilər?
- 100 faiz. Bu gün də qələbə qazana bilərdik. Təəssüflənirəm ki, bu qədər azarkeşin önündə, bu cür dəstəyin qarşılığında qalib gələ bilmədik. Ən azı 1 xal qazanacağımızı düşünürdüm.
- Komandanın məskunlaşması ilə bağlı planınız nədən ibarətdir? Bakıda qalacaqlar, yoxsa Şamaxıda?
- Hələ ki, komanda Bakıda – “ASK Arena”da məskunlaşacaq. Məşqlərimiz də orada olacaq. Cari mövsümü bu şəkildə başa vuracağıq. Amma belə çox getməz. Növbəti mövsüm üçün nəsə fikirləşib, qərar qəbul edəcəyik. Həm də “ASK Arena” ilə müqaviləmiz var deyə, anlaşmanın sonuna qədər orada olmalıyıq.
- Avrokuboklara vəsiqə böyük ölçüdə əldən gedib. Razılaşırsınız yəqin...
- Təbii ki.
- Belədə komandada dəyişikliklər gözlənilirmi?
- Dəyişikliklər mütləq olacaq.
- Baş məşqçi göndəriləcək, yoxsa heyəti dəyişəcəksiniz?
- Mayın sonuna qədər gözləyək. Həmin vaxt özünüz görəcəksiniz. Bu dəqiqə əsas məqsədimiz növbəti oyunlarda azarkeşlərimizi sevindirməkdir. Bu, bizim borcumuzdur.
- Büdcədə necə, yaxşı mənada dəyişiklik gözlənilir?
- Bu barədə indi nəsə demək çətindir. Mövsüm başa çatsın, büdcə məsələsinə baxılacaq.
- Klubdakı gələcək taleyinizlə bağlı müxtəlif xəbərlər dolaşır. Buna da aydınlıq gətirərdiniz.
- Hansı xəbərlər?
- “Şamaxı”dakı postunuzdan ayrılacağınızla bağlı xəbər.
- Bu dəqiqə qarşınızda dayanıb müsahibə verirəm. Demək ki, klubdayam
HƏBİB / SPORTİNFO.AZ

