"Şamaxı" komandası bu gün yeni adı ilə yeni məkanda ilk matçına çıxacaq.
Meydan sahibləri Şamaxıdakı açılış oyununda son çempion "Neftçi"ni qəbul edəcək.
Bölgə olacağını nəzərə alsaq, qarşılaşmaya böyük azarkeş gələcəyini ehtimal etmək olar.
Amma qarşılaşmanı izləməyə az sayda Bakıdan gedən fanatlar da olacaq.
Bu barədə klubun rəsmi fan klubunun rəhbəri Əhməd Manafov Şamaxıya ilk səfər planı ilə bağlı saytımıza geniş açıqlamasında deyib:
"Hazırlığımız yüksək səviyyədə olub. Şamaxıda 2-3 qrupdan ibarət fanklubumuz yaradılıb. Üzv olmaq üçün elan vermişdik. Çox sayda müraciətlər oldu. Kifayət qədər böyük tərkibdə oyunda olacaqlar.
İcra Hakimiyyəti sağ olsun. Bu istiqamətdə bizə böyük dəstək olublar. Fanatların stadiona gediş-gəlişi təmin olunacaq. Bir sözlə, hər bir şərait yaradılıb. Komanda rəhbərliyi də maksimum çalışır ki, azarkeş qrupunun özəyi yerli futbolsevərlərdən təşkil olunsun.
Stadion bayraqlarımızla bəzədilib. Bundan əlavə sıravi azarkeşlərin də matça gələcəyini gözləyirik. Burda da üzvlərimiz olacaq, orda da.
Bakıdakı matçlarda burdakı üzvlərimizə Şamaxıdan gələnlər də qoşulacaq. Eynilə Şamaxıdakı oyunlara Bakıdan da gediləcək. Amma Bakıdan gedən heyətin tərkibi elə də geniş olmayacaq. Daha çox qrup üzvləri və amiqolar olacaq. Oyun günü saat 10:00-da yola düşəcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ

