Azərbaycan klubunda "2022" MÜƏMMASI – Borc söhbətinin izi ilə…

30 Mart 2022 14:40 Şamaxı 1 505
Azərbaycan klubunda "2022" MÜƏMMASI – Borc söhbətinin izi ilə…

Bir müddət əvvəl adını “Şamaxı” olaraq dəyişən “Keşlə” özünün yeni loqosunu da təqdim eləyib.

İki gündür sosial şəbəkələrdə yeni yaranan klubun loqosu və üzərində yaradılma tarixinin 2022-ci il göstərilməsi müzakirə edilir.

Azarkeşlər və futbol mütəxəssisləri ən çox 2004-cü ildə yaradılan “İnter”in varisi olan “Keşlə”nin ad dəyişməsi ilə yaradılış tarixini də dəyişməsinə tənqidi yanaşır.

Həmçinin “Şamaxı”nın 2022-ci ildə əsası qoyulduğu halda necə çempionatda oynadığı barədə sual verir.

“Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov “qafqazinfo”ya açıqlamasında bunları deyib:

“Burada qeyri-adi heç nə yoxdur. Klubun adını dəyişməsi ilə bağlı UEFA-ya bütün sənədləri göndərmişik. Qitə futbol qurumu da bunu təsdiq edib.

Klubun yaradılma tarixi 2022-ci ildir. Bunu heç kəs dana bilməz axı. UEFA addəyişmə prosesində ən çox klubun borclarına baxır.

Hər hansı futbolçuya və ya klubda işləmiş birinə borc olmadığı halda, bu proses təsdiq olunur.

“Şamaxı” futbol klubu “Keşlə”nin hüquqi olaraq varisi hesab edilir. Biz UEFA-ya formalarımızı da, loqomuzu da göndərmişik və təsdiq olunub”.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə “qafqazinfo”ya açıqlamasında heç bir qayda pozuntusunun olmadığını bildirib:

“Klub tərəfindən bizə sənədlər və loqo təqdim edildi. Biz də onları UEFA-ya göndərdik. Təsdiq edildi və klub “Şamaxı” adı ilə çıxış edəcək.

Ədliyyə Nazirliyində “Şamaxı” “Keşlə”nin hüququ varisi kimi qeydiyyatdan keçib. Ortada heç bir problem yoxdur”.

Assosiasiya rəsmisi "Şamaxı"nın loqosunda "2022" yazılmasına da "report" vasitəsilə münasibət bildirib. E.Məmmədov loqo seçiminin kluba aid olduğunu vurğulayıb:

"Loqonun hansı formada olması və orada hansı ilin yazılması onların öz seçimidir. Ola bilsin, 2022 - Şamaxıya köçdükləri ili göstərir.

Klub "Keşlə"nin cari mövsüm qazandığı xallarla mübarizəyə davam edəcək. Bu da onların "Keşlə"nin varisi olmasına əsas verir".

“Keşlə” 2004-cü ildə yaradılan “İnter”in varisidir. “İnter” də 1997-ci ildə yaradılan “Xəzər Universiteti”nin varisi olaraq göstərilir. “Şamaxı” klubun 4-cü adıdır və tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.

Burada bir müəmma da var, hansı ki, nə AFFA, nə də klub onu açıqlamağa həvəs göstərir. Söhbət "Keşlə"nin hazırkı rəhbərliyi ilə bağlı yaranmış problemdən gedir.

Məsələ ondadır ki, 2017-ci ildə paytaxt təmsilçisində görəvə gələn Zaur Axundov bura 1 milyon manata yaxın şəxsi vəsaitini xərcləyib. AFFA-nın tanınmış iş adamının pulunu geri qaytarması sual altındadır.

Mövzu həftələr öncə gündəmə gəlsə də, məlum deyil ki, bu pulun aqibəti necə olacaq. Federasiya isə bu tərəfdən gecikdiyini başa düşür və narahatdır.

Axı klubun Şamaxını təmsil edəcəyi və adıçəklən rayona köçəcəyi barədə rəsmi açıqlamalar 5 ay öncə verilib, lakin ortalıqda real bir addım yoxdur. «Köç əməliyyatı»nın martın əvvəlində başlanacağı bildirilirdi, indi qalın aprelin ilk ongünlüyünə.

Yerli İcra Hakimiyyəti prosesin tezliklə tamamlanmasını istəyir. Onu da yada salaq ki, Şamaxının eyniadlı klubu olub və 2 il fəaliyyət göstərib.

Region Liqasında mübarizə aparmış komanda ilyarım öncə dağılıb. Hansı ki, onun təsisçisi başqa şəxsdir və indi özündə olan möhür və ştampı vermir.

Adını dəyişən klubun loqosunda «2022» yazılması həm bundan, həm də Şamaxı İcra Hakimiyyətinin işə sıfırdan başlamaq niyyətindən irəli gəlir. Yəni ki, «əl dəyişmə» prosesi zamanı köhnə borclar onlara miras qalmasın deyə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti