AFFA «Keşlə»dən «Şamaxı»ya çevrilən kluba yeni rəhbər tapıb.
Sportinfo.az bu barədə federasiyadan məlumat əldə edib.
Redaksiyamıza bildirilib ki, əyaləti təmsil etməyə hazırlaşan sabiq «bankirlər»ə vaxtilə iş dünyasına aid olan, hazırda isə dövlət sturkturlarına bağlı qurumlardan birində çalışan şəxsin rəhbərlik etməsi nəzərdə tutulub.
Tərəflər arasında razılıq əldə edilib. Onun adı bizə məlumdur, sadəcə, müəyyən məqamları nəzərə alaraq, kimliyini hələlik açıqlamırıq.
«Keşlə»nin başına gətirilməsi planlaşdırılan fiqurant həm AFFA rəhbərliyinə, həm də Şamaxı İcra Hakimiyyətinə yaxınlığı ilə tanınır.
İcra başçısı Tahir Məmmədovla dostluq münasibəti olan şəxs kifayət qədər geniş maliyyə imkanlarına malikdir.
Bəs Zaur Axundov? 2017-ci ildən klubun Müşahidə Şurasına sədrlik edən biznesmen vəzifəsindən getməyə hazırdır. Hər halda son günlər mətbuatda bununla bağlı çoxsaylı xəbərlər tirajlanıb.
Bu məlumatlara əsaslansaq, Axundov AFFA-nın ona olan borcunun ödənilməsini gözləyir.
Federasiya ötən illər ərzində «Keşlə»yə şəxsi büdcəsindən 1 milyon manata yaxın vəsait xərcləmiş MŞ sədrinin haqlı istəyini dəyərləndirməyə hələlik tələsmir.
Əslində, «Keşlə»nin rəsmən «Şamaxı» adlanmamasının əsas səbəblərindən biri də budur. AFFA təhvil-təslimin tamamlanması üçün ilk növbədə Axundovun tələbini yerinə yetirməlidir.

