Ötən mövsüm ölkə kubokunu başı üzərinə qaldıran “Keşlə”lilərin yayda avrokubok oyunlarını kənardan izləyəcəyi böyük ölçüdə dəqiqləşib.
Lakin “ümid sonda ölür” deyimi ilə çempionatın qarşıdakı 8 matçında mümkün möcüzəyə ümid edirlər.
Bunun üçünsə düşərgədəki futbolçuların hamısı Sənan Qurbanovun sərəncamında olmalıdır. Mövsümboyu zədəlilərin çoxluğundan əziyyət çəkən baş məşqçini hələ də bu problem qayğılandırır.
Qış fasiləsindən sonra Aldair Neto komandasına kömək edə bilmirdi. O qayıtdı, həmyerlisi Felipe Santos sıradan çıxdı. Ardınca “Keşlə”yə öyrəşməyə başlayan Natan Oduva da zədəlilərə qoşulub.
Neto artıq çətin dönəmi geridə qoyub, hətta 2022-ci ildə rəsmi oyuna çıxmağa imkan tapıb.
Oduvanın durumu əvvəlkinə nisbətən yaxşıdır. Kollektiv çalışmalarda iştirak edir, “Qəbələ” ilə aprelin 3-dəki oyuna qədər hazır olmaq istəyir.
Amma fiziki durumundakı əskiklik özünü açıq-aşkar göstərməkdədir.
Felipeyə gəlincə, komandasının “10 nömrə”si hələ də fərdi məşqlə kifayətlənir. Daha doğrusu, fiziki çalışmaları fitnes zalında edir, topuğuna yüklənmə vermədən qaçır.
Amma kollektiv məşqlərə qoşulmayıb. “Qəbələ”yə qarşı oynamayacağı böyük ölçüdə dəqiqləşib.
HƏBİB / SPORTİNFO.AZ

