Məlum olduğu kimi, “Şamaxı” təmsil edəcəyi bölgədə ilk matçını aprelin 9-da keçirəcək.
Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutacaq oyunda şamaxılıların qonağı ölkənin ən köklü klubu “Neftçi” olacaq.
Oyuna 1 aya yaxın vaxt qalmasına baxmayaraq, artıq indidən hazırlıq işlərinə start verilib. Meydanın və inzibati otaqlarda görülən işlər öz yerində.
Klub və şəhər rəhbərliyinin əsas istəyi aprelin 9-da 2200 azarkeş tutumuna malik stadionun tam dolmasıdır. Bunun üçün klubun “feysbuk” səhifəsi vasitəsi ilə yerli futbolsevərlərə müraciət ünvanlanıb.
Müraciətdə yazılıb: “Şamaxı” FK-nın yeni yaradılan fan klubuna üzv olmaq üçün bizə yazın. Yeni yaradılan fan klubun üzvlərinə oyunlar zamanı forma, şərf, bayraq, papaq və digər atributlar hədiyyə olunacaq”.
Maraq üçün qeyd edək ki, “Keşlə” adını “Şamaxı”ya dəyişəndən sonra hazırda Keşlə təmsilçisini tribunadan dəstəkləyən “Old Wolf” azarkeş qrupu fəaliyyətini dayandıracaq.
Adını dəyişən klubun fanbirliyinin rəhbəri Əhməd Manafov Sportinfo.az-a açıqlamasında azarkeş qrupunun üzvlərini yerli futbolsevərlərlə daha da genişləndirəcəyinə inandığını bildirib:
"Şamaxı böyük rayondur. Ətraf rayonlardan da, yəqin ki, komandamıza dəstək olmağa gələcəklər. Əminəm, stadion azarkeşlə dolu olacaq.
Elə yerli azarkeşlərdən böyük azarkeş ordusu yaradacağımıza inanıram. Təəssüflər olsun ki, orada uzun müddət futbol olmayıb.
İnşallah, bundan sonra gözəl şəkildə futbol ənənəsi davam etdirilər. Azarkeş qrupumuz fəaliyyətini bundan sonra da gözəl şəkildə davam etdirəcək".

