“Keşlə”nin qış hazırlıq planına aydınlıq gəlib.
Xatırlayırsızsa, bir neçə gün əvvəl komandanın baş məşqçisi Sənan Qurbanov saytımıza açıqlamasında təlim-məşq toplanışının bir hissəsini Antalyada keçmək istədiklərini demiş, arzunun həyata keçməsi üçün klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundovun razılıq verməsinin vacibliyini qeyd etmişdi.
Rəhbərlə baş məşqçinin görüşü baş tutub. Elə həmin görüşdəcə Qurbanov xoş olmayan xəbər alıb: “Keşlə” Antalyaya yollanmayacaq!
Baş məşqçiyə səbəblə bağlı açıqlama verilməsə də, problemin maliyyədə olması gün kimi aydındır.
Odur ki, “Keşlə” qış hazırlığını Azərbaycanda keçəcək. Amma Sənan bəyin istəyi toplanışın əvvəlində 1 həftəlik Qəbələyə yollanmaqdır.
41 yaşlı mütəxəssis bölgənin iqlimini nəzərə alıb, fiziki hazırlığın Qəbələdə keçirilməsinin tərəfdarıdır. Hazırda bu yöndə işlər gedir.
“Qırmızılar”ın təmsil edəcəyi Şamaxıya gəlincə, oradakı meydan süni örtüklü olduğu üçün Qurbanov buna qarşıdır. Daha doğrusu, təlim-məşq toplanışının əks effekt verəcəyindən ehtiyatlanır.
Sənan bəyin saytımıza verdiyi məlumata görə, komandası yanvarın 6-da Bakıda bir araya gələcək. Yoldaşlıq görüşlərindəki rəqib seçimləri isə Antalyaya üz tutmayacaq komandaların adlarından asılı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

