“Keşlə”nin yollarını ayırdığı futbolçuların adlarını təqdim etmişdik.
Qısaca xatırladaq ki, Anatoli Abanqla Nicat Qurbanovun klubla müqaviləsinin müddəti bu ayın sonuna qədərdir,
Omar Qudyabi ilə Con Kamaranın xidmətində isə baş məşqçi Sənan Qurbanov maraqlı deyil.
2019-2020-ci illərdə Gürcüstanda top qovan Qurbanovun ölkəyə dönüşü istədiyi kimi alınmadı. Odur ki, bundan sonra yenidən özünə klub axtarmağa məhkumdur. Halbuki, “Keşlə”dəki startı gələcək adına xoş vədlər verirdi.
Nicat Sportinfo.az-a müsahibəsində “Keşlə”də başına gələnlərdən, komandada qalmamasının səbəbindən və gələcək planlarından danışıb.
- Bildiyimə görə, “Keşlə” dönəmi bitib sənin üçün.
- Klubla müqaviləm dekabrın 31-nə qədərdir. Lakin çempionat oyunları 2 həftə əvvəl başa çatdığına görə yollarımız rəsmən ayrıldı.
- Nicat Qurbanov, “Keşlə” və sanki bir yuxu. Sanki bu komandada deyildin.
- Komandadakı ilk 6 ayım yaxşı keçmişdi. Şans qazanırdım, oynayırdım. Sonradan məcbur qurtarmağa məcbur etdilər.
- Niyə?
- İnanın, səbəbini özüm də bilmirəm.
- Sənan Qurbanovla bu mövzuda söhbətin olmayıb?
-Xeyr. Buna gərək də yox idi axı. Çünki hələ mayda – ölkə kubokunu qazanandan sonra xidmətimdə maraqlı olmadığını bildirmişdi. Dedim, getmirəm, təzminatımı ödəyin, gedim. Açığı, elə bir təklif də yox idi ki, gedim. Normal təklif alsaydım, gedəcəkdim. Yaydan bu yana qaldım komandada, o da oynatmadı. Halbuki, ötən qışda Gürcüstandan real təklifim var idi, amma “Keşlə”yə görə getməmişdim ki, söz danışmışıq.
- Baş məşqçi ilə oturub söhbət etmək, səbəbi öyrənmək olmazdı?
- Açığı, buna ehtiyac da görmürdüm. Çünki oynatmaq istəyən adam oynadardı. Deyim ki, komandada hamı güclü idi, mən zəif, yox. O komandada mən də rahat oynaya bilərdim.
- Sənan Qurbanovla daha öncə münasibətin necə olub?
- Sənan müəllimlə əvvəldən şəxsi tanışlığımız yox idi. İlk dəfə “Keşlə”də birlikdə işləmişik, yaxından tanımışam.
- Bundan sonra nə etmək fikrin var?
- Gözləyirəm, görək nə olur. Özüm də axtarıram, agentim də danışıqlar aparır. Gürcüstanda davam etmək istəyirəm, amma son 6 ayı oynamamışam deyə bir az çətindir.
- Yenidən legioner həyatı?
- Əlbəttə. Qışda getmədiyimə görə hələ də peşmanam. Kaş, gedərdim. Sadəcə, bəzi əsaslı səbəblərə görə gedə bilməmişdim. Sabah eyni anda Azərbaycandan və ölkə xaricindən təklif alsam, mütləq xarici seçərəm.
- Bu dərəcədə çirkin və bezdirici görünür Azərbaycan çempionatı?
- Bu suala cavab verməsəm daha yaxşı olar.
- “Keşlə”dən alacağın qalıb?
- Dekabrın ayının maaşını almamışam. Daha doğrusu, ay qurtarmayıb deyə heç kimə verilməyib hələ.
- Bəs, ölkə kubokunun mükafatı?
- Onu heç kim almayıb axı.
- Deyəsən o puldan hamı əlini üzüb.
- İndiyə qədər Zaur Axundov haqda ancaq xoş sözlər eşitmişəm. Heç kimin haqqını yeməyib, idmançılara dəstək verib. Şükürlər olsun, bu 1 ildə kimə nə verilibsə, mən də almışam. Kubokun mükafatı hələ verilməyib. Amma Zaur müəllim söz verib ki, hamıya paylanacaq. Hətta həmin uğurda payı olub hazırda Bakıda yaşamayanlar da mükafatlandırılacaq.
HƏBİB

