Klub rəhbəri ilə görüşü səbirsizliklə gözləyən baş məşqçi

17 Dekabr 2021 20:40 Şamaxı 1 248
Klub rəhbəri ilə görüşü səbirsizliklə gözləyən baş məşqçi

“Keşlə” Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt”ı məğlub etməklə (3:1) baş məşqçi Sənan Qurbanovun postunu qorumasına kömək etmiş oldu.

Komandanın medalçı yerlərlə xal fərqini azaltması klub rəhbərliyinin ürəyincədir deyə bilərik.

Bundan sonra qarşıda duran əsas məsələ komandanın komplektləşməsi və qış hazırlıq planının tərtib olunmasıdır.

Qurbanov sərəncamında görmək istəmədiyi 4 futbolçunun adını rəhbərliyə təqdim edib. Anatoli Abanq, Con Kamara, Omar Qudyabi və Nicat Qurbanovunj “Keşlə”də qalmayacağı dəqiqdir.

Onların əvəzinə yeniləri cəlb olunacaq ki, baş məşqçi hazırda namizəd futbolçuları gözdən keçirir. Amma qərar verməyə tələsmir.

Hazırlıq mərhələsinə gəlincə, Sənan bəy komandaya yanvarın 5-nə qədər istirahət verib. Məşqçi və futbolçu heyəti yanvarın 6-da yığışmalıdır.

Lakin təlim-məşq toplanışının hansı ölkədə - Azərbaycanda, yoxsa Türkiyədə baş tutacağı bilinmir.

Daha doğrusu, Sənan Qurbanov “Keşlə”də əsas söz sahibi, Müşahidə Şurasının rəhbəri Zaur Axundovla görüş anını gözləyir. Baş məşqçi ilə rəhbər arasındakı söhbətdə hazırlığın hansı ölkədə təşkil olunması sualına aydınlıq gələcək.

Komanda toplanışı Bakıda keçsə, yoldaşlıq görüşlərindəki rəqiblər əsasən Birinci Divizion təmsilçiləri olacaq. Çünki Premyer Liqa komandalarının əksəri Antalyaya yollanacaq.

Yox, Türkiyəyə getməli olsalar, orada 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Təbii ki, rəqiblərin adları hələ bilinmir.

Qısası, bu həftənin sonuna qədər baş tutacaq Sənan Qurbanov-Zaur Axundov görüşündə bütün detallar bilinəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti