Qarşısına avrokuboklara vəsiqə hədəfi dayanan “Keşlə” bu ilin son oyununda “Sumqayıt”ı məğlub etməklə (3:1) turnir cədvəlindəki durumunu nisbətən yaxşılaşdırdı.
Çempionatın ikinci yarısında Sənan Qurbanovla yetirmələrini ciddi sınaq gözləyir.
Bunu nəzərə alan baş məşqçi heyətə əl gəzdirilməsində maraqlıdır. Yaydakı transferlərdən tam istədiyini almayan baş məşqçi bu dəfə daha diqqətli olmağa çalışır.
Hazırda əsas məqsəd bəzi futbolçularla yolların ayrılmasına nail olmaqdır. Ondan sonra namizəd futbolçularla danışıqlara start veriləcək, diqqət qış hazırlığına ayrılacaq.
Sportinfo.az “Keşlə”dən ayrılan futbolçuların adına aydınlıq gətirib.
Bunlar klubla anlaşmasının müddəti bu ayın sonunda başa çatan Nicat Qurbanovla Anatoli Abanqdır. Sənan Qurbanov bu iki futbolçunun xidmətində maraqlı deyil.
Digər iki legionerin “qırmızılar”la anlaşmasının müddəti gələn ilin yayına qədər olsa da, rəhbərliklə danışıqlardan sonra hər ikisi ilə ortaq məxrəcə gəlinib.
Belə ki, Con Kamara ilə Omar Qudyabi bundan sonra “Keşlə”nin formasını geyinməyəcək.
Yanvara qədər 1-2 nəfərin də ayrılıq xəbəri çıxa bilər. Lakin bu günkü siyahıda hələ ki, 4 futbolçunun adı var.
HƏBİB

