«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov islahatların başlanacağıına dair növbəti anonsu dünən Sumqayıtda verdi.
İlin son turunda qazanılan 3:1 hesablı qələbədən ruhlanan gənc çalışdırıcı artıq əmindir ki, bir müddətdir başı üzərinə toplaşmış qara buludları yenə özündən uzaqlaşdıra bildi.
Heç olmasa, iki aylıq. Düşünür ki, gələn ilin fevralınadək ona dəyib-dolaşan olmayacaq, istefaya göndəriləcəyi ilə bağlı informasiyalarla səhəri dirigözlü açmayacaq, gecə rahat yatacaq.
«Keşlə» mənsubları bir müddətdir danışıqlar apardığı, arxasınca xəbər göndərdiyi mütəxəssislərlə anlaşa bilmir, yoxsa bilin, son turu gözləmədən Sənan Qurbanova istefa ərizəsi yazdırardılar. O. bu halına şükür etsin və bəxtinə minnətdar olsun.
Nə cür islahat aparır-aparsın, necə heyət qurur-qursun, dəyişikliyə özündən başlamasa, faydasızdır.
Bu cavan oğlan ilk növbədə özünə güzgüdə baxmalı, papağını qarşısına qoymalı, indiyədək etdiyi hərəkətləri gözünün önünə gətirməli, danışdığı sözləri yadına salmalı, saf-çürük etməlidir. Necə deyərlər, dəyişikliyə, islahata şəxsindən başlamalıdır.
Deyə bilməz ki, çalışdığı kontingent medallar uğrunda mübarizə aparmaq gücündən uzaqdır, bir işə yaramır. Əsla belə deyil!
Bir transfer olmasın, bu heyət yenə ondan gözləniləni etmək iqtidarındadır. Sənan Qurbanova düşən onlarla dil tapmaqdır.
Futbolda udmaq da var, uduzmaq da. Hər məğlubiyyətdən sonra paltardəyişmə otağında su qabına təpik, lövhəyə yumruq vurmaqla futbolçunun gözündə ucalmaq olmaz.
Hələ sən gündə üz-üzə gəldiyin, salam verdiyin şəxslərə «torba tikən» damğası yapışdırırsansa, day nə oldu, heç zad!
KAMİL

