Ötənlərin məşhur azərbaycanlı hücumçusu Vəli Qasımov “Keşlə”dəki təqdimatını gözləyir.
AFFA rəhbərliyinin xeyir-duası ilə paytaxt təmsilçisində çalışacaq “Neftçi”nin sabiq çalışdırıcısı yeni klubda uşaq futbolu üzrə baş əlaqələndirici vəzifəsini yerinə yetirəcək.
Halbuki, dünənə qədər bu iş Ramiz Məmmədova həvalə olunmuşdu və nə qədər çək-çevir etsək də, klubun saytında və sosial media hesablarında Məmmədovun “Keşlə”ni tərk etməsi ilə bağlı xəbərə rast gəlmədik.
Lakin istənilən halda Vəli Qasımovun təyinatı yubanır.
Yubanmanın səbəbini öyrənmək, Ramiz Məmmədovun gələcək taleyinə aydınlıq gətirmək üçün “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq.
Klub sözçüsü məsələ ilə bağlı Sportinfo.az-a bunları dedi:
“Ramiz Məmmədov artıq “Keşlə”də çalışmır. Klubdan ayrılması ilə bağlı xüsusi xəbər verilməsə də, gedişi çoxdan baş verib.
O ki qaldı Vəli Qasımovla bağlı suala, bu haqda xəbərləri hələ ki, mətbuatdan oxuyuruq. Əlimizdə dəqiq məlumat yoxdur. Bu barədə hansısa yenilik olan kimi ictimaiyyətə bilgi veriləcək”.
53 yaşlı mütəxəssis futbolçu karyerası ərzində Moskva klubları – “Dinamo” ilə “Spartak”da, İspaniyada “Real Betis” və “Albasete”, Portuqaliyada “Vitoriya” və “İmortal”da oynayıb.
Məşqçilik karyerasında əsas millidə Berti Foqtsun köməkçisi işləyib, U-19-da baş məşqçi olub, “Neftçi”də baş məşqçi kimi çalışıb. Son vaxtlara kimi AFFA-nın Elit-məşq layihəsində yer alıb.
HƏBİB

