Bilindiyi kimi, 2022-ci ildə "Keşlə"nin adını dəyişdirərək, "Şamaxı" adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.
"Şamaxı" FK-nın hüquqi varis hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunub.
AFFA ötən ay açıqlama yaymışdı ki, hüquqi prosedur müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.
Son xəbər budur ki, məsələ hələlik uzanır. Federasiya paytaxt təmsilçisini gələn ilin yanvar-fevral aylarında bölgəyə köçürməyi planlaşdırır, fəqət, UEIA yerdəyişmənin belə tez baş verməsini istəmir.
Avropa futbol qurumu lisenziyalaşdırma və digər təşkilati işlərlə bağlı sənədləri diqqətlə incələyir. Hətta Bakıya xəbər göndərilib ki, proses may-iyun aylarına qədər çəkə bilər. Belə olsa, "Keşlə" yalnız gələn mövsüm Şamaxıya köç edəcək.
Paytaxt təmsilçisinin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.
UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.
Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
SPORTİNFO.AZ

