"Gedən futbolçular olacaq, yeni transferlərlə bağlı müzakirə aparılacaq"

11 Dekabr 2021 17:30 Şamaxı 815
"Gedən futbolçular olacaq, yeni transferlərlə bağlı müzakirə aparılacaq"

“Futbolçulara xaatırlatmışdıq ki, rəqib çox istəkli olacaq”.

bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la keçirilən oyun barədə danışarkən deyib.

Doğma arenasında I divizion komandası üzərində 2:1 hesablı qələbə qazanan elita təmsilçisi 1/4 final da “Qarabağ”a rəqib olub.

Matçdan sonra CBC Sport kanalına açıqlama verən Qurbanov komandasının çıxışını dəyərləndirib:

“Birinci divizion təmsilçilərinin kubok oyununda Premyer Liqa klubları qarşısında qələbə şansı, demək olar ki, yoxdur. Bu üzdən futbolçularımız, bəlkə də, inanırdılar ki, asan keçəcəyik.

Amma matçın gedişatı bunu göstərmədi, ilk dəqiqələrdən rəqib pressinq elədi. “Qaradağ Lökbatan” çox hərəkətli, yaxşı komandadır.

Bizə çətin anlar yaşatdılar. “Səbail”lə matçdan sonra futbolçularda bəlkə bir az gərginik var idi”.

Baş məşqçi əsasən ehtiyat qüvvəyə şans verməsinə də aydınlıq gətirib:

“Az oynayan futbolçulara bu gün şans verdik. Onlar meydanda daha istəkli idilər. Çempionatda çox oynamaq imkanı əldə etmədikləri üçün özlərini göstərməyə çalışdılar.

Bu onlarda pis alınmadı. Qarşıdakı matçlarda da onlara şans verəcəyimi gizlətmirəm. Çünki yaxşı təsir bağışladılar”.

Qurbanov dekabrın 15-də “Sumqayıt”la keçiriləcək görüş barədə də danışıb: “Bu gün gözləmədiyimiz təzyiqlə üzləşdik. Futbolçuların az yorulması üçün erkən qol vurmalı idik.

Amma bu alınmadı, oyunçularımız daha çox qaçmalı oldular. Nəzərə alaq ki, çempionatda digərləri ilə müqayisədə biz daha tez oynayacağıq. Bizim bir məşqimiz qalır ki, o da taktiki hazırlıq olacaq.

Futbolçuları bu görüşə kökləməyə çalışacağıq. Çünki çətin Sumqayıt səfəridir. Pozitiv məqam üçün gərək qalib gələk. Həm də turnir cədvəlində daha təhlükəli zonadan çıxmaq üçün əlimizdən gələni etməliyik”.

Baş məşqçi komandanın qış hazırlıq planının hələ bəlli olmadığını da əlavə edib:

“Qış planı məsələsini son oyuna kimi saxlamışıq. Çünki rəhbərliklə oturub söhbət eləməliyik.

Komandadan gedən futbolçular olacaq, yeni transferlərlə bağlı müzakirə aparılacaq. Müqaviləsi bitən futbolçumuz var. Bunun hamısını sona saxlamışıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti