Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Günün ilk matçında titulun son sahibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Komandalar ölkə kubokunda ikinci dəfə üz-üzə gələcəklər.
2016/2017 mövsümündə "Keşlə" rəqibini eyni raundda 5:1 hesabı ilə yenib.
Sabiq “bankirlər”in bütün ümidləri yenə bu yarışmayadır. Komandanın Premyer Liqada vəziyyəti çox pisdir.
Paytaxt təmsilçisi 13 tura 11 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu gedişat “Keşlə”nin çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmaq ehtimalını dumanlı edir.
Baş məşqçi Sənan Qurbanov da reallığın fərqindədir. O, Sportinfo.az-a açıqlamasında deyib:
“Razıyam, çempionatda mükafatçı yerlərdə qərarlaşan komandalardan 10, 11, 14 xal geridəyik. Lakin qış fasiləsinə qədər daha 1 oyun və çempionatın ikinci yarısı var.
Oyunların 3 xallıq sistemdə davam etdiyini nəzərə alsaq, fərqi aradan qaldırmaq mümkünsüz görünməməlidir. Hər an hər şey ola bilər.
Çempionatla yanaşı, ölkə kuboku da bizim üçün çox vacibdir. Ona görə yox ki, Premyer Liqadan əlimiz üzülüb deyə, kubokda nəsə etməliyik.
Prinsipial məqam kubokun son qalibi olmağımızdır. Titulu qoruyub-saxlamaq üçün ona layiq futbol oynayıb, nəticələr qazanmalıyıq”.

