Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları bu gün start götürüb.
I Divizion təmsilçiləri ilə Premyer Liqa komandalarının duellərində favoritləri müəyyənləşdirmək çətin deyil.
Sürpriz baş verməsə, imkanlı və təcrübəlilər növbəti mərhələyə adlayacaq.
İndiki məqamda ölkə kuboku daha çox “Keşlə”, “Səbail” və “Sumqayıt”ı düşündürməlidir və ya düşündürür.
Çempionatda işləri qaydasında getməyən komandaların bu gedişlə ikinci yarıda ciddi sıçrayışa nail olacaqları da inandırıcı deyil. Avrokuboklara medallar uğrunda mübarizənin adları bəllidir.
Odur ki, Premyer Liqanın “quyruğunda” yer alanlar gözünü kuboka dikib.
Qənimətin son qalibi “Keşlə” bu mərhələdə “Qaradağ Lökbatan”ı qəbul edəcək. Bu komanda ki, Birinci Divizionun əlçatmaz lideridir və kifayət qədər xoş təsir bağışlayır.
Məlum qarşılaşmadan öncə “qırmızılar”ın baş məşqçisi Sənan Qurbanov Sportinfo.az-a açıqlama verib. O, öncə oyuna hazırlıq və itkilər haqda danışıb:
“Səbail”lə oyunda son saniyələrdə buraxdığımız qol və əldən çıxan 3 xal istər-istəməz komandaya psixoloji təsir göstərib.
Bu dəqiqə əsas işimiz komandanı toparlamaq, həmin oyunu unutdurmaqdır. Şükürlər olsun, buna nail olmaqdayıq. Məşqləri plan üzrə davam etdiririk.
Bizi narahat edən zədəlilərin durumudur. Sadio Tounkara, Aldair Neto və İlkin Qırtımovun xəsarəti var.
Ciddi zədələr olmasa da, müalicə alırlar. Oyuna qədər necə olacaqlarını indidən demək çətindir”.
“ASK Arena”da keçiriləcək “Keşlə” – “Qaradağ Lökbatan” oyunu dekabrın 11-də baş tutacaq. Qarşılaşma saat 15.00-da başlayacaq.
HƏBİB

