"Finala yaxşı hazırlaşmışıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyev deyib.
Təcrübəli futbolçu bu gün Azərbaycan Kubokunun finalında "Sumqayıt"la qarşılaşacaqları oyun öncəsi "Keşlə"də əla atmosfer olduğunu bildirib:
"Son oyundakı qələbəmiz də bu oyun üçün bir motivasiyadır. Baş məşqçimiz həftə ərzində rəqibi analiz edib və nə lazımdı deyib.
İnşallah, bu gün onun dediklərini yerinə yetirsək qələbə qazanacağıq. Hər şey əladır. Kollektivdə heç bir problem yoxdur".
Əliyev rəqibin güclü komanda olduğunu və belə oyunlarda ələ düşən şansları maksimum dəyərləndirməli olduqlarını bildirib: "Amma rəqib də yaxşı komandadır. Ölkə çempionatının bürünc medalını qazanmaqla necə komanda olduqlarını göstəriblər.
Belə oyunlar elədir ki, əlinə düşən şansdan maksimum istifadə eləməlisən. "Neftçi" - "Qarabağ" oyunu da finala bərabər oyun idi. Vurulan bir qol oyunun taleyin həll elədi.
İntizamlı oynamaq lazımdır. Baş məşqçimiz necə oynamalı olduğumuzu deyib. Bunu edə bilsək rəqibi səhv etməyə məcbur olacaq.
"Zirə" ilə oyundan öncə də bildirmişdi ki, bu cür oynasaq qollar vura bilərik. İnanıram ki, bu dəfə də elə olacaq".

