U-21 millimiz qrupun güclü rəqiblərindən sayılan Çexiyanı Bakıda büdrətməyi bacardı.
90 dəqiqə ərzində bərabər səviyyəli oyun getdi.
Millimiz heç nədə rəqibindən ciddi mənada geri qalmadı, hətta müəyyən məqamlarda Çexiyanı üstələməyi də bacardı.
Bəzi epizodlarda bir qədər də dəqiq ola bilsəydik, qələbə qazana bilərdik.
Çünki bir çox hallarda bərabər hesabla başa çatan oyunlarımız olub ki, rəqib 90 dəqiqə ərzində əzici üstünlüyə malik olub, sadəcə ya bizim bəxtimiz gətirib, ya da rəqib bəxtsizlik yaşayıb və ya azlıqda qalıb.
Amma bu dəfə həmin söhbətlərin heç birini bu oyuna şamil etmək olmaz.
90 dəqiqə ərzində Çexiyanın hansısa aşkar üstünlüyündən, çoxsaylı real qol epizodlarından danışmaq mümkün deyil.
Millimiz ən azı bir xala layiq idi və onu da qazandı.
Belə məqamda adamın ağlından istər-istəməz bir fikir keçir - Əgər 20-21 yaşlı bu uşaqlar arasında belə ciddi uçurum, böyük fərq yoxdursa, deməli, bizim futbolçuların da bacarığı, potensialı var.
Sadəcə, həmin potensialı üzə çıxara biləcək klublarımız, sistemimiz yoxdur.
Məncə, düzgün iş qura bilsək, futbolçularımızın potensialını doğru-düzgün aça bilsək, bizim də Çexiya və Polşa millisində oynayan səviyyəli futbolçular kimi oyunçularımız ola bilər.
Xaricdə yaxşı klublarda legioner həyatı yaşayan, Çexiya və Polşa futbolçuları kimi özlərinə yaxşı karyera quran futbolçular yetişdirə bilərik.
Problem, 100% uşaqlarda yox, onları inkişaf etdirməli olan futbol mühitinin yoxluğundadır.
XANOĞLAN/ SPORTİNFO.AZ
