“Turan Tovuz” – “Fənərbağça:” - 32 il əvvəlki tarixə ehtiram

22:20 Turan 100
“Turan Tovuz” – “Fənərbağça:” - 32 il əvvəlki tarixə ehtiram

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz” və "Fənərbağça" arasında yoldaşlıq görüşü baş tutacaq.

Bu qarşılaşmanın keçirilməsi heç də təsadüfi deyil.

1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda məhz “Turan” olmuşdu.

Qərb təmsilçisinin həmin turnirdəki rəqibi isə “ "Fənərbağça “ idi. Düzdür, o vaxt keçirilən oyunların nəticəsi Azərbaycan komandası üçün ürəkaçan olmamışdı - 0:2, 0:5.

Lakin həmin qarşılaşmalar Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyırdı.

İndi isə 32 il sonra iki komanda yenidən üz-üzə gələcək. “Turan Tovuz” rəhbərliyinin bu təşəbbüsü təkcə futbol matçı kimi qiymətləndirilə bilməz.

Qarşılaşma həm 1994-ci ildəki tarixi yada salmaq, həm də Azərbaycan və Türkiyə arasında idman sahəsində dostluq münasibətlərini daha da möhkəmləndirmək baxımından xüsusi məna daşıyır.

Təbii ki, “Turan Tovuz rəhbərliyinin bu oyunla bağlı müəyyən planları var. Böyük ehtimalla stadiona gələcək azarkeşlər üçün müxtəlif tədbirlər və xüsusi proqram da hazırlanacaq.

Ancaq bu qarşılaşmaya əsl rəng qata biləcək məqamlardan biri 1994-cü ildə həmin oyunlarda meydana çıxmış futbolçuların yenidən Tofiq Bəhramov adına Respublika stadionunun yaşıl meydanına ayaq basması ola bilər.

Həmin tarixi görüşlərin iştirakçılarının böyük əksəriyyəti bu gün də həyatdadır. Onların bir çoxu artıq məşqçilik fəaliyyəti ilə məşğuldur, təbii ki, illər onları da dəyişib.

Amma həmin futbolçuları – həm Azərbaycan, həm də Türkiyə tərəfinin veteranlarını – illər sonra yenidən yaşıl meydanda görmək azarkeşlər üçün olduqca maraqlı və nostalji anlara çevrilə bilər.

Hətta imkan yaranarsa, əsas oyundan əvvəl ötən əsrdəki oyunların iştirakçıları arasında simvolik yoldaşlıq görüşünün keçirilməsi də gözəl təşəbbüs olar.

Ümid edirik ki, “Turan Tovuz” rəhbərliyi bu məqamı da nəzərə alacaq və 1994-cü ilin yayında Azərbaycan futbolunun tarixində iz qoymuş həmin oyunların iştirakçılarını xüsusi şəkildə yad edəcək.

Çünki bu, sadəcə “Turan Tovuz” – “Fənərbağça” oyunu deyil. Bu, həm də Azərbaycan futbolunun keçmişinə, həmin dövrün futbolçularına və iki ölkə arasındakı dostluq münasibətlərinə ehtiramın ifadəsi ola bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti