Bu gün Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
“Bank Respublika Arena”da saat 19:30-da “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək.
Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” (1:0; 1:1) finala yüksəlib.
Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.
Növbəti mövsüm finalda, hazırda "Keşlə"yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu "Qəbələ" "Sumqayıt"a eyni hesabla qalib gəlib və "qırmızı-qaralar"ın yeganə titulunun memarı olub. Beləliklə, "Sumqayıt" titula həsrət qalıb.
Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.
İndi hər iki düşərgədə vəziyyət necədir? Nisbətən fərqli. «Sumqayıt» kuboku götürərsə, futbolçularına 5000 manat mükafat verəcək. «Keşlə»də bu rəqəm iki dəfə artıqdır.
Futbolçuların motivasiyasını artırmaq üçün bakılı rəsmilər aprel ayından qalan maaş borcunu da ıödəyib. Lakin…
Sənan Qurbanovun oyunçularla yaşadığı problemlər onları ciddi narahat edir. Çünki çalışdırıcı acı dili və yöndəmsiz hərəkətləri ilə onları özündən narazı/incik salb.
Adətən, baş məşqçilər xidmətində maraqlı olmadığı futbolçuların adını son anadək gizli saxlayır, yalnız mövsüm bitincə, «qara siyahı»nı açıqlayır.
Qurbanov isə bu praktikanın ziddinə gedib. Artıq burada olan legionerlər bilir ki, Sənan bəy onların barəsində mənfi rəy verib, heç birinin qalmasını istəmir.
Yalnız Sezar Meza Kolli istisnadır, lakin paraqvaylı yarımmüdafiəçini də bu, maraqlandırmır: o, «Neftçi» ilə şəxsi müqaviləyə imza atıb.
Qurbanov yerlilərə münasibətdə də səhv yol tutub. Vüsal İskəndərli başda olmaqla, bir neçə daxili bazar «məhsul»una ehtiyac duymadığını bildirib.
O, Cavid Hüseynov və Ürfan Abbasov kimi yenilərə güvənəcəyini çəkinmədən və fəsadlarını düşünmədən nümayiş etdirib.
Transferlər həmişə gündədədir və olmalıdır. Amma bu işi də elə görmək lazımdır ki, nə şiş yansın, nə də kabab. Komandanı qarşıda taleyüklü oyun gözləyir, belə həssaas məqamda gərək futbolçuların yuxusunu ərşə çəkməyəsən.
Lap kimləri isə göndərmək istəyirsən, niyyətini gizli saxlamalı, elə etməlisən ki, o(nlar) bundan duyuq düşsün, çıxıb meydanda canını qoysun.
Qurbanov bu incəliklərin heç birinin fərqinə varmır ayrı-seçkiliyə yol verir, kollektivdə özünə qarşı olan qıcığı bir qədər də artırır. Deyəsən, əmindir ki, kubokun qazanılıb-qazanmamasından asılı olmayaraq, işinin başında qalacaq.
Görünür, «Keşlə»də çalışdığını unudur, başa düşmək istəmir ki, burada duruş gətirməyin tək yolu nəticə qazanmaqdır.
Qarşına qoyulan hədəfə çatdınsa, şahsan, hamı xidmətində dayanacaq. Verdiyin vədi yerinə yetirmədinsə, arxana boylanmadan buranı tərk etməlisən.
«Keşlə»də yazılmamış qayda belədir. İnsaən demək lazımdır ki, klub rəhbərliyi baş məşqçiyə mövcud imkanlar daxilində yaxşı şərait yaradıb.
Komanda Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazana bilmir, bununla belə, hər oyuna böyük mükafat təyin olunur.
Minimal məbləğ 40000 manatdan başlayır. «Zirə» ilə kubokun yarımfinal görüşlərini xatırlayaq. Finala çıxış sabiq «bankirlər»ə 100 min manat qazandırdı.
Hansı klubda bu qədər mükafat ödənilir? «Neftçi»dən başqa heç birində. Hətta «Qarabağ» da bu qədər xərcə düşməyi lazım bilmir. Yoxsa «Azərsun»un pulu tükənib?
«Keşlə»də yeganə problem maaşların vaxtında ödənilməməsidir. Ki, bu da AFFA və SOCAR-dan qaynaqlanır. Hər iki dəstəkçi aylıq ödəmələri davamlı şəkildə gecikdirməklə, klub rəhbərliyinin «əl-qolunu bağlayır».
Sənan Qurbanov bunların hamısını bilə-bilə «Keşlə»nin sükanı arxasına keçib. Heç bir halda şikayətə yer yoxdur, çünki onun xahişini Gənclər və İdman Nazirliyinin şöbə müdürü, AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov edib.
Onun təkidi və vasitəsilə ilyarımdan sonra Premyer Liqada özünə iş tapan Qurbanov hazırda klub rəsmiləri ilə də yola getmir. Komanda daxilində idman direktoru Ceyhun Sultanov və digərlərinin arxasınca danışır, «buranın ağası mənəm» söyləyir.
Bunu hələ xahiş-minnətlə işlə təmin ediblər, gör, özünə dəvət göndərsəydilər, indi ayağını stolun üzərinə uzatmışdı. Qurbanovu görürsən və şükür edirsən ki, Allah nə yaxşı, dəvəyə qanad verməyib, yoxsa vurub dam-daşı uçurardı.
«Keşlə» bu gün ölkə kubokunu qazana bilər. Heyəti və maddi motivasiyası güclüdür. «Sumqayıt» tarixinin ilk titulunu əldə etməsə, yenə dünya dağılmayacaq.
Premyer Liqanın bürünc mükaatçısı kimi artıq avrokuboklara vəsiqəni əldə ediblər, yəni. Qəm dəryasına batmaq üçün ciddi səbəb yoxdur.
Lakin «Keşlə»nin gözlənilən uğuru Sənan Qurbanovun aktivinə yazılmayacaq. Futbolun içində olan hər kəsə məlumdur ki, o, «Qəbələ»nin qazanılan kubokun memarı deyil.
Qurbanov burada özünü başqa cür tanıdıb. Simsiz «telefonçu», sözbaz, lətifə həvəskarı və heyvan səslərinin mahir ifaçısı kimi. Qurbanovu bu kimi «hoppi»ləri çoxdur, fəqət, ciddiliyi yoxdur: ölçü-biçi məsələlərində, əməllərinə çəki-düzən verməkdə, davranışda.
Xəzər Hikmət

