AFFA prezidentindən oğlunun klubu ilə bağlı... MÜHÜM QƏRAR

23 Dekabr 2019 16:33 Səbail 2 541
AFFA prezidentindən oğlunun klubu ilə bağlı... MÜHÜM QƏRAR

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Səbail"in gələcəyini müəyyənləşdirib. Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Abdullayev 2016-cı ilin yayında yaradılan klubun fəaliyyətini davam etdirməsinə qərar verib.

"Səbail"in prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev bu məsələ ilə bağlı onun qəbulunda olub. Görüşdə "dənizçilər"in cari çıxışı və maliyyə vəziyyəti müzakirə olunub.

AFFA rəhbəri klubu tapşırdığı qardaşı oğluna narahat olmamağı məsləhət görüb, onu əmin edib ki, "Səbail"in yaşaması üçün ciddi maneə yoxdur, mövcud problemlər müvəqqətidir. Abdullayev bildirib ki, SOCAR vasitəsilə "Səbail"ə yeni sponsorlar cəlb edəcək və o, hazırda da bunun üzərində işləyir.

Bu yerdə haşiyə çıxaraq bildirək ki, Bayıl təmsilçisi Rəşad Abdullayev üçün yaradılıb. Adını çəkdiyimiz şəxs Rövnəq Abdullayevin oğludur. AFFA prezidenti "Səbail"i ərsəyə gətirdi ki, bəlkə yeganə oğlu Türkiyədən qayıdıb Azərbaycanda yaşadı.

Onun bu istəyi cəmi 1 il keçərli oldu. "Dənizçilər" I Diviziondan Premyer Liqaya vəsiqə qazanandan sonra Rəşad bəy klubun Müşahidə Şurasının sədrliyindən getdi və fəxri prezident kimi kölgəyə çəkildi. Onun axırıncı dəfə nə vaxt stadiona gəlib komandanı dəstəklədiyi heç kimin yadında deyil.

"Səbail" 2 ildir Tamerlan Abdullayevin ümidinə qalıb. Bu gənc iş adamı isə xeyli vaxtdır əmisi ilə görüşüb, klubun sabahına dair ondan qərar ala bilmirdi.

AFFA prezidenti qardaşı oğlunu son günlərə kimi heç dinləmirdi də. Klubla bağlı informasiyaları yalnız AFFA-nın baş katibi Elxan Məmmədovdan alır, onun təqdimatıyla addımlar atırdı.

Görünür, yaxın qohumlar arasında soyuqluq artıq aradan qalxıb və indi Tamerlan Abdullayev də sözünü əmisinə deyə bilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!