Ağabala "Şerif"dən imtina etdi - "Nazı ilə oynayası deyillər ki"

14 Dekabr 2019 19:21 Səbail 1 838
Ağabala "Şerif"dən imtina etdi -

"Ağabala "Səbail"də qalacaq. "Keşlə" məsələsi boş söhbətdir. Onlardan Ağabala üçün heç bir təklif almamışıq. Zaur Axundov məni tanıyır. Belə bir şey olsaydı, deyərdi ki, Ağabalanı komandaya gətirmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri ötənlərin tanınmış futbolçusu Zaur Ramazanov deyib.

"Səbail"in hücumçusu Ağabala Ramazanovun transfer məsələlərilə məşğul olan böyük qardaşı Zaur Ramazanov millimizin üzvünün "Keşlə"yə mümkün keçidi haqda yayılan xəbərləri təkzib edib: "1-2 gün əvvəl eşitdim ki, guya “Keşlə”nin Ağabala üçün göndərdiyi 200 minlik təklifdən imtina edilib. Vallah, hamısı əsassız söhbətlərdir. Təqvimdən başqa yazılanların çoxu, onsuz da, yalandır".

26 yaşlı forvardın Moldova klubu “Şerif”ə keçidi də baş tutmayacaq. Zaur Ramazanov bu məsələnin artıq bağlandığını söyləyib: “Moldovadan menecerlər mənə də zəng vurmuşdular. Amma Ağabala özü “Şerif”ə keçmək istəmədi. Səbəblərini isə bilmirəm. Konkret dedi ki, getmirəm. Bu məsələ, demək olar ki, bağlanıb. Çünki “Şerif” həmin mövqeyə oyunçu axtarırdı, Ağabalanın nazı ilə oynayası deyillər ki. Konkret cavab istəyirdilər, “hə” ya, “yox”. Fikirləşmək üçün bir gün də vaxt verdilər. Ağabala ilə danışdım, getmək istəmədiyini bildirdi. Moldova və Azərbaycan çempionatları arasında elə də böyük fərq yoxdur, eyni səviyyəli çempionatlardır. Özü də orada indi qazandığından beşqat yüksək maaş da vermirdilər. Yəqin ki, elə bu məsələlər Ağabalanın “Şerif”ə keçməməsinin səbəbləridir. Hələlik real təklif yoxdur. Olsaydı, deyərdim. Burada nə var ki? Onsuz da axır-əvvəl üzə çıxır. Hələ ki, Ağabala “Səbail”də qalacaq”.

“Keşlə”nin yeni transferi Şohruh Qadoyevin keçidində vasitəçi olan Zaur Ramazanov həmin transfer haqda da fikirlərini bölüşüb. O, Şohruhun Azərbaycan Premyer Liqasında özünü ən yaxşı tərəfdən göstərəcəyinə əmin olduğunu bildirib: “Onu “Keşlə”yə təklif etmişdim. Məşqçilər də baxdılar və bəyəndilər. Onu sadəcə, təklif etmişdim. Amma danışıqlar klublar arasında getdi. Çünki Şohruh azad agent deyildi. “Keşlə” onun klubunu razı saldı və sonda gətirə bildi. Çox yaxşı futbolçudur. Son oyunlarına kimi baxmışam. 90 dəqiqə meydanda olur, solaxaydır, əla oyunçudur. “Keşlə”yə xeyir verə biləcək. Özü də legioner həyatı yaşayıb. Əslində Şohruh əvvəl gəlmək istəmirdi. O da Ağabala kimi, bir gün belə deyirdi, bir gün başqa cür. Ancaq sonda "Keşlə"yə keçmək qərarına gəldi. Azərbaycanda çox klub onu bəyənəcək”.

Ramazanov özbəkistanlı oyunçuların ölkəmizə gəlməsinin çətin olduğunu deyib. O, bunu özbəklərin öz çempionatlarında yüksək məbləğ almaları ilə əlaqələndirib: “Özbəkistanlı oyunçular ilə 300-350 mindən aşağı məbləğ istəmirlər. Azərbaycanda 1-2 klubu çıxsaq, artıq bu cür pullar verən yoxdur. Ortabab komandalar da bu cür pullar verməz. Ona görə də özbək oyunçuların Azərbaycana gəlib-gəlməməsi haqda bir söz deyə bilmərəm”. (apasport)

Digər Xəbərlər
Xəbər Lenti