Legionerləri Qurbanovun üstünə qaldırırlar – Üç aydır ki… Menecerlər üsyan edir

22 Sentyabr 2022 10:40 Səbail 4 737
Legionerləri Qurbanovun üstünə qaldırırlar – Üç aydır ki… Menecerlər üsyan edir

Premyer Liqaya uğursuz start verən «Səbail»də problemlər bitmək bilmir.

Başda Fərəc Əliyev olmaqla, bir sıra funksionerlər, deyəsən, komandanın qara zolaqdan çıxmasında maraqlı deyil.

Hər halda düşərgədə baş alıb gedən problemlər idman direktorunun və ona bağlı qrupun fəaliyyəti Mahmud Qurbanovun tezliklə istefaya göndərilməsinə nail olmaq cəhdinə oxşayır.

İki gün öncə məlumat vermişdik ki, idman direktoru yaranmış vəziyyətlə bağlı futbolçuların bir qrupu ilə görüş keçirib. A.Əliyev omanda üzvlərinin fikirləriylə tanış olub və onlara bəzi suallar verib.

Klubun əsas idarəçisi Mahmud Qurbanov haqda oyunçulardan rəy alıb, baş məşqçinin köməkçilərinin işlərinin öhdəsindən gəlib-gəlməməsi ilə maraqlanıb.

“Dənizçilər” Qurbanovun yardımçılarından narazılığını ifadə edib. Köməkçilərin baş məşqçi ilə futbolçular arasında münasibətlərin yaxınlaşmasına barmaqarası yanaşması qeyd olunub.

Komanda üzvləri lüzum görmədikləri halda, bazada saatlarla artıq vaxt keçirdiklərini, uzun sürən iclasrdan yorulduqlarını dilə gətiriblər.

Biz, adətən, görmüşük ki, baş məşqçiyə dəstək olan rəhbər şəxs futbolçularla gizli görüşlər keçirmir, belə deyək, onların ağzını aramır.

Nə problem olursa, nə sual ortaya çıxırsa, bunu birbaşa çalışdırıcıdan soruşur. «Səbail»də isə artıq neçənci dəfədir ki, M.Qurbanovdan xəbərsiz qapalı görüşmələr keçirilir.

Onun iştirak etmədiyi yığıncaqlar, görünür, ASCO-ya - klubun baş sponsoru sayılan «Xəzər Dəniz Gəmiçiliyi»nə çatdırmaq üçün kompramat toplamaq məqsədi daşıyır.

Mahmud Qurbanov elə adam deyil ki, nəyisə gizlətsin, düz bildiyini deməsin. Olmaya, Fərəc Əliyev ondan qorxur?

Buna inanmaq çətindir.

Niyyət düzdürsə və safdırsa, komandayla bağlı problemləri baş məşqçinin özündən eşitmək olmazdı ki? Gərək elə futbolçuları çağırıb, hərəsindən bir söz «oğurlamaq» cəhdində bulunasan?

Bu, hələ harasıdır ki…Yayda düşərgəyə cəlb olunan legionerlərin menecerləri idman direktorunun əlindən boğaza yığılıb.

Xarici agentlər «Səbail»lə müqavilə bağlayan müştərilərinə görə onlara çatacaq menecerlik haqqını hələ də ala bilmirlər.

Üç aydır ki, onlar kluba müraciət edir, di gəl, pullarının niyə ödənilməməsi haqda suala cavab tapmaqda çətinlik çəkirlər. Dəfələrlə F.Əliyevlə əlaqə saxlanılıb, o isə problemin ASCO-dan qaynaqlandığını iddia eləyib.

Guya, sponsor təşkilat klubun hesabına müəyyən məbləği köçürməyi yubadır.

Açığı, buna inanmaq çətindir, çünki ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev iclaslar zamanı dönə-dönə vurğulayıb ki, o, müsbət nəticələrin əldə olunması üçün hər cür şərait yaradıb, büdcəni artırıb, qalıb bircə qarşıya qoyulan məqsədi yerinə yetirmək.

Mümkün deyil ki, bu cür ciddi şəxs menecerlərin 3-5 manat pulunu verməsin.

Transfer büdcəsini hardasa 3-3,5 milyon manat artıran, illik dəyəri 100-130 min dollar civarında olan legionerlərin alınmasına razılaşan, bununla klubun tarixində yeni səhifə açan R.Vəliyev, təbii ki, xoşməramlıdır və həqiqətən «Səbail»in uğur qazanmasını istəyir.

Amma F.Əliyev problemin ASCO-dan qaynaqlanmasını iddia etməklə, legionerləri M.Qurbanovun üzərinə qaldırır.

Meneceri klubdan narazı olan əcnəbi futbolçuların hansı biri komandaya can yandırar, baş məşqçinin tapşırıqlarını ürəkdən yerinə yetirər? Əlbəttə, kimsə!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti